Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2017 15:47

Milli Qəhrəman Çingiz Qurbanovun adının əbədiləşdirilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirilib

Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun adının əbədiləşdirilməsi haqqında” əmrinin icrası ilə əlaqədar şəhidin xidmət etdiyi Tovuz rayonunda silsilə tədbirlər həyata keçirilib.
Müdafiə Nazirliyinin rəsmiləri, Tovuz rayon İcra Hakimiyyətinin rəhbərliyi, qəhrəmanın xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyaraq əbədiyaşar Ali Baş Komandana bir daha ehtiramlarını bildiriblər.
Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman tovuzluların xatirəsi yad olunub.
Milli Qəhrəman Ç.Qurbanovun xidmət etdiyi hərbi hissənin qərargahı qarşısında “Şəhid Milli Qəhrəmanlarımız” xatirə abidəsinin açılışı olub. Həmin abidədə Çingizlə yanaşı, 22 yaşında şəhidlik zirvəsinə ucalmış hərbi hissənin yetirmələri olan digər Milli Qəhrəmanlar: Qasım Qara oğlu Rzayev və Naiq Nəsir oğlu Yusifovun da portretləri öz əksini tapıb.
Açılış mərasimində Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək qəhrəmanların həyat və döyüş yolları haqqında ətraflı məlumat verib.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev tədbir iştirakçılarına müasir ordumuzun yaranmasında və formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələlərinin prioritet olduğunu qeyd edib və ötən ilin aprel döyüşləri zamanı Azərbaycan əsgərinin uğur və qələbələrini bir daha nəzərə çatdırıb. General Ç.Qurbanovun qəhrəmanlığından danışaraq Ali Baş Komandana əsgər və zabitlərimizə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Ordusunun şəxsi heyəti adından dərin minnətdarlığını bildirib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov bütün xalqımız kimi tovuzluların da Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın adlarını həmişə əziz tutduqlarını, onların xatirələrinin əbədiləşdirildiyini, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayaraq şəhid atası Salman Qurbanovu əmin edib ki, onun qəhrəman övladı Ç.Qurbanovun xatirəsi də tovuzluların yaddaşından heç vaxt silinməyəcəkdir.
Tovuz rayonunun Ağbulaq kəndində şəhidin atası S.Qurbanov və digər qonaqlar hörmətlə qarşılanıb. Burada rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə mərkəzi küçəyə Azərbaycanın Milli Qəhrəmanı Ç.Qurbanovun adının verildiyi elan edilib. Kənd sakinləri Çingizin qəhrəmanlığı ilə fəxr etdiklərini və onun xatirəsini həmişə uca tutduqlarını deyiblər. Ağbulaq kənd məktəbinə və sakinlərə Müdafiə Nazirliyi adından A.Qurbaninin “Çingiz dastanı” kitabı hədiyyə edilib.
Tədbir iştirakçıları Ç.Qurbanovun xidmət etdiyi döyüş mövqeyində olub. General-mayor R.Əliyev Müdafiə nazirinin müvafiq əmrinə uyğun olaraq şəhid Milli Qəhrəmanın xidmət etdiyi posta Çingizin adının verilməsi və qəhrəmanın adının bölüyün şəxsi heyyətinin əbədi siyahısına daxil edilməsi barədə əmri şəxsi heyətə çatdırıb. Döyüş postuna xatirə lövhəsi vurulub.
Ç.Qurbanovun Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən göstərdiyi igidlikdən bəhs edən xatirə guşəsi qonaqlarda böyük maraq oyadıb. Şəhid atasının övladının çarpayısı və xatirə əşyaları qarşısında keçirdiyi hisslər tədbir iştirakçılarına və Çingiz postunda xidmət edən əsgərlərə duyğulu anlar yaşadıb.
General-mayor Xaqani Cəbrayılov hərbi hissədə Çingiz kimi əsgərlərin onlarla, yüzlərlə olduğunu və onların Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını böyük inamla qeyd edib.
Milli Qəhrəman Çingiz Qurbanovun xidmət etdiyi taborda anım mərasimi keçirilib. Çingizin adının bölüyün şəxsi heyətinin əbədi siyahısına daxil edilməsi ilə bağlı nümunəvi axşam yoxlanışı təqdim edilib. Bölüyün baş çavuşu ilk olaraq əsgər Çingiz Qurbanovun adını çəkəndə cavab qısa olub: “2016-cı il dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona ölmündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Hər birimiz Çingizik!”.
Tovuz rayon incəsənət ustaları vətənpərvərlik mahnıları ilə tədbir iştirakçılarını salamlayıblar.
Şəhid Milli Qəhrəmanın atasına xatirə hədiyyələri təqdim edilib.
Çingiz Qurbanovun atası S.Qurbanov ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin və Tovuz rayon İcra Hakimiyyətinin rəhbərliklərinə, eləcə də tədbirlərin təşkilatçılarına Qurbanovlar ailəsi adından dərin minnətdarlığını bildirib.