2023-cü ilin fəaliyyət planına uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə keçirilən görüşlər çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında olub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tələbələrlə gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edilib.