İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2022-ci il üzrə təntənəli buraxılışına həsr olunan mərasim keçirilib.
50-ci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə müdafiə nazirinin, universitetin kollektivi və öz adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Qeyd edilib ki, 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan C.Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələrimiz üçün zabit kadrlarının hazırlanmasında xüsusi rolu var. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna, eləcə də Hərbi liseyin məzunlarına diqqət və qayğı göstərdiyini nəzərə çatdırıb. Vurğulayıb ki, iyunun 15-i təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın sabahını müəyyənləşdirən tarixdir.
Liseyin müəllimi Sevil Qurbanova məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb. Bildirilib ki, builki məzunlardan Xəyyam Məmmədov keçirilən liseydaxili qiymətləndirmədən, eləcə də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından yüksək nəticə (284,6 bal) topladığı üçün tam orta təhsil haqqında fərqlənmə attestatının alınması üçün sənədləri Təhsil Nazirliyinə təqdim olunub.
Kursantlar adından çıxış edən Xəyyam Məmmədov onlara göstərilən etimadı doğruldacaqlarına, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına bildirib.
Tədrisdə və intizamda fərqlənən liseyin kursantlarına attestat və liseyin döş nişanı təqdim olunduqdan sonra yaş kötüyünə məzun rəmzi vurulub.
Sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.