Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2014 09:00

Məktəblilər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar

Azərbaycan-Avropa məktəbinin bir qrup şagird və müəllimi növbəti dəfə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar. Onlar zabit və əsgərlərlə görüşüb, silahlar, zirehli texnikalarla, həmçinin ordu həyatı ilə yaxından tanış olublar.
Qonaqlar zirehli texnikalar, radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri siniflərində dərs məşğələlərində iştirak edib, geniş məlumatlandırılıblar.
Tank və piyadaların döyüş maşını məşq qurğuları salonu məktəbliləri daha çox cəlb edib. Onlar müasir qurğular vasitəsilə zirehli texnikanı idarə etməyi yaxından izləyiblər. Şagirdlərə qurğu və avadanlıqlar barədə məlumat verilib, onlar növbə ilə tankın "sükanı" arxasında oturaraq zirehli texnikanı "idarə ediblər".
Çağırışaqədərki hazırlıq fənninin müəllimi Bəylər Eminov təşkil edilmiş tədbiri müsbət qiymətləndirdi. "İnanıram ki, bu görüş hər bir şagirdin yaddaşında dərin iz buraxdı. Ən başlıca hal odur ki, silahlarla yaxından tanışlıq, zabitlərlə olan maraqlı söhbətlər məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsini daha da artırdı.
Şagirdlərimiz qısa müddət ərzində praktik məşğələ keçdilər, ordu həyatına səfər etdilər. İndiyə qədər görmədikləri texnikalarla, silahlarla yaxından tanış oldular. Bu gün onlar ürəklərindəki suallara zabitlərdən dolğun cavab aldılar. Bizim qarşımızda dayanan vəzifələrdən biri də vətənpərvər nəsil yetişdirməkdir. Məqsədimizə çatmaq üçün gələcəkdə belə görüşlərin sayını daha da artırmalıyıq. Məktəblilərimizin Təlim və Tədris Mərkəzinə gəlişinə şərait yatardığına görə həm Müdaifə Nazirliyinin, həm də Mərkəzin rəhbərliynə dərin minnətdarlığımı bildirirəm".