Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2015 09:00

Lənkəran şəhərində general-mayor Həzi Aslanovun xatirəsi yad edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Yanvarın 24-də sərkərdənin anadan olduğu Lənkəran şəhərində Silahlı Qüvvələrin tank heyəti fəallarının toplantısı keçirilib. Əvvəlcə görüş iştirakçıları, şəhər icra hakimiyyətinin və veteran təşkilatının nümayəndələri, Aslanovlar ailəsinin üzvləri H.Aslanovun parkdakı möhtəşəm abidəsini ziyarət edərək qarşısına əklillər və gül çələngləri qoyublar.
Anma mərasimində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani qeyd edib ki, qəhrəmanın keçdiyi şanlı döyüş və qəhrəmanlıq yolu müstəqil Azərbaycanımızı qorumaqda gənclərimiz üçün örnəkdi. Bu gün Silahlı Qüvvələrdə Həzilərin yüzlərcə, minlərcə davamçıları vardır.
Rayon ağsaqqalları adından Sərhad Məmmədov və sərkərdənin nəvəsi polis zabiti Emil Aslanov ailəsinə və qəhrəmanın xatirəsinin əziz tutulmasına göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Naziriliyinin rəhbərliyinə minnətdarlıq ediblər.
Sonra müxtəlif hərbi hissələrdən gələn tank heyəti fəalları H.Aslanovun memoril-ev muzeyində olub və burada toplantı öz işinə başlayıb.
Müdafiə Nazirliyinin zabiti polkovnik A.Qurbani əvvəlcə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakçılara təbrikini çatdırıb. Cəbhə bölgəsindən gəlmiş tank heyəti üzvləri uğur və nailiyyətlərdən söhbət açıb və vətən torpaqlarının keşiyində ayıq sayıq dayandıqlarını qeyd ediblər.
Toplantı iştirakçılarına Müdafiə Naziriliyi adından hədiyyələr, H.Aslanov haqqında kitab-albom və disklər təqdim olunub. Xalq artisti Qabil Quliyev və şəhər məktəblilərinin iştirakı ilə "Həzi ürəklərdə yaşayır" əbədi kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
H.Aslanovun ev muzeyinin qarşısında qəhrəmanın büstü önündə xatirə şəkli çəkdirən toplantı iştirakçıları onun anadan olduğu evdən xoş təəssüratla ayrılıblar.
Sonra Lənkəran qarnizon zabitlər evində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Mən sizi dünyalar qədər sevirəm" filminə kütləvi baxış keçirilib. Toplantı iştirakçıları şəhərin Heydər Əliyev parkını gəzmiş, milli qəhrəman Əsgər Əliyevin abidəsini ziyarət ediblər.