Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2021 15:46

KİV nümayəndələri üçün modul tipli hərbi hissələrə media-tur təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.
Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrlə tanışlıq məqsədilə iyunun 11-də kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün media-tur təşkil olunub.
Tədbir çərçivəsində jurnalistlər modul tipli hərbi hissələrdə yaradılan yataqxanalar, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olub.
Məlumat verilib ki, modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin olunur.
Əlavə olaraq bildirilib ki, işğaldan azad edilmiş rayonlarda dislokasiya olunan hərbi hissələrdə indiyədək 60-dək modul və konteyner tipli yerləşmə məntəqələri şəxsi heyətin istifadəsinə verilib.
Ali Baş Komandanın göstərişinə uyğun olaraq azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam etdirilir.