Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2015 09:00

İmişli rayonunda Qarabağ müharibəsi veteranı Şamil Cəbrayılovla görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü və İmişli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunda Qarabağ müharibəsi veteranı Şamil Cəbrayılovla görüş keçirilib. Heydər Əliyev Mərkəzinə toplaşan rayon ictimaiyyətinin nümayəndələri, cəbhə bölgələrindən gələn əsgər və zabitlər, qonaqlar igid döyüşçünü alqışlarla qarşılayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, imişlililər həmişə vətənə, dövlətə və Heydər Əliyev ideyalarına sadiq olmuş, bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə imişlililər də yaxından iştirak edib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını görüş iştirakçılarına çatdıraraq bildirib ki, vaxtı ilə döyüşlərdə iştirak etmiş Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri bu gün ölkə Prezidentinin, Müdafiə Nazirliyi, eləcə də rayon rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş milli qəhrəmanların xatirə günlərinin keçirilməsi, adlarının əbədiləşdirilməsi və digər bu kimi tədbirlər söylənilənlərin təsdiqidir.
Sonra Müdafiə Nazirliyinin zabiti “Haramı qartalı” ləqəbli Şamil Cəbrayılovun döyüş yolundan danışıb onun qorxmaz və cəsur bir döyüşçü olduğunu vurğulayıb.
Görüşdə qeyd edilib ki, 1972-ci ilin dekabr ayının 14-də İmişli rayonunun Otuziki kəndində anadan olan Ş.Cəbrayılov Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 15 dekabr 1993-cü il tarixli fərmanı ilə erməni işğalçılarına qarşı döyüşlərdə mərdlik və igidlik göstərdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Daha sonra polkovnik A.Qurbani Ş.Cəbrayılovun layiq görüldüyü “Azərbaycan Bayrağı” ordenini igid döyüşçünün yaxasına sancaraq onu Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib. Ş.Cəbrayılov qururla “Azərbaycan Respublikasına xidmət edirəm” cavabını verib, Ulu öndərin ruhu qarşısında baş əyərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Müdafiə nazirinə dərin minnətdarlığını bildirib.
Millət vəkili, professor Xanhüseyn Kazımlı həmyerlilərinin qəhrəmanlıqlarından qürur duyduğunu dilə gətirərək, son vaxtlar cəbhə bölgələrində olduğunu, Azərbaycan Ordusunun həqiqətən Cənubi Qafqazda güclü bir orduya çevrildiyini və İmişli gənclərinin də əsgəri borclarını şərəflə yerinə yetirdiklərinin şahidi olduğunu qeyd edib.
Cəbhə bölgəsindən gələn zabit polkovnik Elçin Kərimov çıxış edərək ordumuzun son dövrlər əldə etdiyi uğurlardan danışıb. O, Ş.Cəbrayılovun xidmət etdiyi hərbi hissə komandirinin igid döyüşçüyə ünvanlanan təbriki oxuyaraq ona qiymətli hədiyyəni təqdim edib.
Polkovnik-leytenant Qulu Əsədov çıxış edərək Ş.Cəbrayılovun bu gün də gənclərin vətənpərvərlik tərbiyəsində yaxından iştirak etdiyini bildirib, ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi general-leytenant Arzu Rəhimovun adından hədiyyə çatdırıb.
Tədbirin sonunda Ş.Cəbrayılov və digər çıxış edənlər müharibə veteranlarına, əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublikamızın Prezidenti cənab İlham Əliyevə, Müdafiə Nazirliyi və İmişli rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.