Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2025 16:43

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO

Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, ictimaiyyət nümayəndələrinin və generalın ailə üzvlərinin iştirak etdiyi mərasimdə əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ümummilli Lider Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər Həzi Aslanovun xalqımızın yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu vurğulayaraq, İkinci Dünya müharibəsində həmvətənlərimizin göstərdiyi hünər və rəşadətdən danışıblar.  
Bildirilib ki, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş sərkərdənin keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu hər bir vətəndaşımız üçün nümunədir və onun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında xüsusi rolu vardır.
Generalın ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, mərasimin təşkilinə görə isə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.