Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2015 09:00

İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsi yad edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Yanvarın 22-də Müdafiə Naziriliyinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanında qəhrəmanın anma mərasimi keçirilib.
Cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önünə Müdafiə Naziriliyi adından əklil və gül dəstələri qoyuldu, generalın xatirəsi hörmət və ehtiramla yad edildi.
Anma mərasimində qəhrəman haqqında bir neçə kitabın müəllifi, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani onun mənalı həyat və şərəfli döyüş yolundan danışaraq qeyd etdi ki, Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu ənənə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə çıxış edərək vurğuladı ki, hər il 9 May- Qələbə Günü münasibətilə respublikada keçirilən tədbirlərdə məhz ölkə rəhbərinin iştirakı gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından Həzi Aslanovun ailə üzvlərinə salamlarını çatdıraraq Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqdəsilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı və kinoda Həzi Aslanovun rolunun mahir ifaçısı Xalq Artisti Ramiz Novruzov çıxış edərək qəhrəmanın həyat və döyüş yolundan söhbət açdılar.
Sonra generalın nəvəsi, polis general-mayoru Həzi Aslanovun ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Naziriliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.
C.Naxçıvanski adına Hərbi Liseydə davam edən və "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında keçirilən tədirdə təhsil ocağının zabit, müəllim və kursant heyəti Həzi Aslanovun döyüş yolundan bəhs edən videoçarxa tamaşa etdi, veteranların və qonaqların çıxışlarını dinlədi.
Sonda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında "Ürəklərdə yaşayan sərkərdə" adlı ədəbi-bədii kompozisiya təqdim olundu.
Generalın nəvəsi Emin Aslanov ailələri adından Müdafiə Naziriliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Qeyd edək ki, yanvarın 24-də Silahlı Qüvvələrin tank heyəti fəalları generalın dünyaya göz açdığı Lənkəran şəhərində olacaq, abidəsini və ev-muzeyini ziyarət edəcəkdir.