Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2023 16:06

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantı başa çatıb.
Toplantının yekununda Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov çıxış edib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarının mütəmadi olaraq bütün şəxsi heyətə çatdırılması, eləcə də digər maarifləndirici tədbirlər nəticəsində hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsinə nail olunub. Ordumuzda hərbi intizam pozuntusu və digər neqativ halların ötən illərə nisbətən xeyli azaldığı xüsusi vurğulanıb.
General-mayor E.Xəlilov aparılan islahatları əhatə edən yeni qanun layihələrinin hərbi qulluqçuların peşəkarlığının artırılmasına, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına müsbət təsir edəcəyini bildirib.
Müdafiə nazirinin müvafiq əmrlərinin tələblərinə, o cümlədən təhlükəsizlik qaydalarına və sayıqlığın artırılmasına dair təlimatlara uyğun olaraq hərbi qulluqçular arasında fərdi tərbiyə işinin aparılmasının və qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsinin vacibliyi qeyd edilib.
Sonra İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov 2023-cü tədris ili ərzində İİ və MPT sahəsində həyata keçirilən tədbirləri təhlil edib. Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə qarşıya qoyulan tapşırıqların həlli istiqamətində görülmüş işlərdən danışıb.
Sonda 2024-cü tədris ilində mənəvi-psixoloji təminatla bağlı müvafiq tapşırıqlar toplantı iştirakçılarının diqqətinə çatdırılıb.