Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2015 09:00

İctimaiyyət nümayəndələri irimiqyaslı təlim iştirakçıları ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlərə cəlb edilən şəxsi heyətlə Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonun Ağsaqqalar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Qadınlar Şurasının və digər ictimai qurumların nümayəndələrinin görüşü keçirilib.
Təlim poliqonunda rayon fəalları ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək bu tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə qısa bir müddət ərzində xeyli iş görüldüyünü xüsusi qeyd edən nazir, əsgər və zabitlərimizin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb.
Təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrimizin təminatından, əsgər və zabitlərimizin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər.
Sonda Gəncə Qarnizon Zabitlər Evi və Şəmkir hərbi birliyinin özfəaliyyət kollektivinin birgə iştirakı ilə təqdim edilən konsert proqramı rayon fəalları və təlim iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.