Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2013 09:00

İctimaiyyət nümayəndələri cəbhə bölgəsinə səfər edib

Xəbər verildiyi kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq mayın 3-də incəsənət xadimlərindən, millət vəkillərindən, ziyalılardan, qeyri-hökumət təşkilatları nümayəndələrindən və jurnalistlərdən ibarət bir qrup vaxtilə ulu öndər Heydər Əliyevin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissədə olublar.
Nümayəndə heyətinə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov, Filologiya İnstitutunun baş elmi işçisi Rafiq Qasımov, millət vəkilləri Gövhər Baxşəliyeva, Nizami Cəfərov, İlham Məmmədov, Sahibə Qafarova, Xalq şairi Söhrab Tahir, Xalq artisti Ramiz Quliyev və onun rəhbərlik etdityi "Xatirə" xalq çalğı alətləri ansamblı, Mili QHT Forumunun prezidenti Rauf Zeyni və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəhbəri Mehdi Mehdiyev və digərləri daxildir.
Qonaqlar burada ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək xatirəsinə hörmət və ehtiramlarını bildirib, hərbi hissədə əsgər və zabitlərimizin vəziyyəti, xidmət şəraiti ilə tanış olublar.
Sonra qonaqlar Füzuli rayonu ərazisindəki hərbi hospitala gedib, ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşüb, onların yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olub, işğal altında olan ərazilərimizi müşahidə ediblər.
Nümayəndə heyətinə ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilib.
Burada Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirib.
Azərbaycan ordusunun müasir vəziyyəti, döyüş hazırlığı barədə məlumat verən E.Sabiroğlu bildirib ki, Azərbaycanda vahid, nizami ordunun yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev vaxtilə Füzuli rayonunun təmas xəttində yerləşən ərazilərində olub, burada xidmət edən zabit və əsgərlərlə görüşərək onlara öz tövsiyələrini verib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu ilin 4 ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs 705 dəfə pozulub. Bu müddət ərzində Azərbaycan ordusu 5 döyüş itkisi verib. Ermənilərin itkisi isə iki dəfə çox olub. Atəşkəs daha çox Ağdam, Füzuli, Xocavənd istiqamətində pozulub.
Dörd ay ərzində Azərbaycan ordusu cəbhə xəttində iki böyük hərbi təlim keçirib. Silahlı Qüvvələrimizin hərbi qulluqçuları ölkədə və xarici dövlətlərdə keçirilən 100-dən artıq tədbirdə iştirak ediblər. Hazırda Azərbaycanın 50 ölkə ilə hərbi əməkdaşlığı vardır.
Mətbuat konfransında qeyd olunub ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Bu cür müasir ordu ilə işğal altında olan bütün torpaqlarımız azad ediləcəkdir.
Qonaqlar daha sonra hərbi hissənin qərargahına gəliblər.
Milli Məclisin deputatı Nizami Cəfərov, Xalq Şairi Söhrab Tahir, tarzən, Xalq Artisti Ramiz Quliyev əsgərlər qarşısında çıxış edərək onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar.
Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş verib. Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz qarşıya qoyulan vəzifəni yerinə yetirməyə, işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər.