Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2014 09:00

Horadizdə şəhid Səməndər Kərimovun xatirəsi anıldı

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərindəki Muğam Mərkəzində şəhid Səməndər Fazil oğlu Kərimovun xatirəsinə həsr olunmuş mərasim keçirilib.
Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin "Şəhidliyə qovuşanlar" adlı poemasının əsasında hazırlanmış rekviyem-tamaşadan sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin sədr müavini Bahar Muradova və başqaları çıxış edərək Vətən uğrunda şəhid olanlara və onların ailələrinə daim diqqət və qayğı göstərildiyini, şəhidlərin xatirələrinin əbədiləşdirildiyini qeyd etdilər. Son illərdə xidməti borcunu yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçuların əsgəri və milli ənənələrə uyğun olaraq böyük təntənə ilə son mənzilə uğurlandığını vurğulayan natiqlər bildirdilər ki, şəhidlərin xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhid Səməndər Kərimovun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı şəhidin valideynlərinə təqdim edildi. Şəhid anası "Üç oğlum var, onları da Vətən uğrunda şəhid verməyə hazıram. Təki Vətən sağ olsun!", - deyərək tədbir iştirakçılarını, hərbi hissələrdən gəlmiş döyüşçüləri və Füzuli gənclərini şəhidlərin intiqamını almağa səslədi.
Tədbir iştirakçıları işğal altında olan torpaqları azad etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildirdilər.