Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2017 16:40

Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbiri keçirilib

Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbiri keçirilib.
Tədbir başlamazdan öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Müdafiə Nazirliyi, Füzuli rayon İcra Hakimiyyəti, eləcə də ictimaiyyət nümayəndələrinin, Horadizin düşmən işğalından azad edilməsində və müdafiəsində xüsusi xidmətləri olan hərbi qulluqçuların bir qrupu şəhərin mərkəzindəki Heydər Əliyev parkına gedərək, burada xalqımızın Ümumilli lideri, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və qarşısına gül dəstələri düzüblər.
Sonra Horadiz şəhərinin bayramsayağı bəzədilmiş Muğam mərkəzinin qarşısında qəsəbəyə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramının təntənəli açılışı olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Layihənin müəllifi Əməkdar İncəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Horadiz hələ Sovet dönəmində Füzuli rayonunun strateji əhəmiyyətli qəsəbələrindən olub. Ulu öndər Heydər Əliyev o vaxtlar dəfələrlə bu qəsəbədə olub, əhali ilə görüşüb və onların daha firavan yaşamaları üçün səylərini əsirgəməyib. Burada rayonlararası neft, ərzaq və sənaye malları və tikinti-təsərrüfat malları bazası, pambıq zavodu, dəmir yolu stansiyası, avqtonəqliyyat müəssisəsi, kimya birliyi, taxıl məhsulları kombinatı, Kalinin adına geofizcihazqayırma zavodunun Horadiz filialı və s. fəaliyyət göstərib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində qəsəbə ərazisində ağır döyüşlər gedib. Horadizlilər son güllələrinədək döyüşüblər. Lakin 1993-cü il avqustun sonlarında Ermənistan silahlı qüvvələri ilə qeyri-bərabər döyüşlərdə Füzuli rayonu ilə birlikdə Horadiz qəsəbəsi də təcavüzkar tərəfindən işğal olunub, qəsəbə yerlə-yeksan edilib, evlər dağıdılıb, talan edilib, təsərrüfatlara böyük ziyan dəyib.
Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştirakçılarını, horadizliləri və  onun qəhrəman müdafiəçilərini əlamətdar gün münasibətilə təbrik edərək qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın xahişi və  tələbi ilə yenidən Azərbaycan hakimiyyətinə qayıdışından sonra Füzuli rayonunun bir çox yaşayış məntəqələrinin, eləcə də Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsinə zəmin yaranıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu əməliyyatda Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümunələri göstərib. Üzərində "Heydər Əliyev uğrunda" sözləri yazılmış tank və zirehli texnikalarla, artilleriya vasitələri ilə döyüş meydanlarına atılan igidlərdən neçəsi şəhid olsa da, əsgərlərimiz ruhdan düşməyib, döyüşçü yoldaşlarının intiqamını alaraq düşmənə tutarlı zərbələr vurublar. 1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etməyə cəhd göstərsə də görünməmiş müqavimət ilə qarşılaşaraq geri çəkilməyə məcbur ediliblər. Azərbaycan Ordusu dekabrın 15-də beş istiqamətdə hücuma keçərək düşmənin müdafiəsini dağıdıb, artilleriya atəşləri altında Füzuli rayonunun daxilinə doğru irəliləyib. 1994-cü il yanvarın əvvəlində artıq Horadiz də daxil olmaqla iyirmi iki yaşayış məntəqəsi azad edilib və yüz hektarlarla ərazi tam nəzarətə götürülüb.
Azad edildikdən sonra ölkə başçısının tapşırığına əsasən Horadizdə böyük canlanma və quruculuq işləri həyata keçirildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verildi. Düşmən tərəfindən dağıdılan şəhərdən bu gün artıq əsər-əlamət qalmayıb və bu gün bunu hamı görür. Horadiz şəhərinin qurulmasınnda, inkişafında əməyi olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək istərdim. 
Tədbirdə iştirak edən ehtiyatda olan polkovnik Şair Ramaldanov və onunla birlikdə  Horadizin azad olunmasında iştirak edən qəhrəman döyüşçülər meydana daxil olublar. Horadizin mərkəzindəki qəsəbə sovetinin binası üzərindən Ermənistan bayrağını çıxarıb yerinə Azərbaycanın üçrəngli bayrağını sancan tankçı Şakir Bayramovun həmin bayrağı mərasimə gətirməsini bütün tədbir iştirakçıları ayaq üstündə alqışlarla qarşılayıb və bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın, Füzuli və digər işğal altında olan torpaqlarda da dalğalanacağına əminliklərini bildiriblər.
Tədbirdə Milli Məclisin sədr müavini, fəlsəfə elmləri doktoru Bahar xanım Muradova çıxışında horadizliləri, tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Horadizin düşmən işğalından azad olunması, yenidən qurulması, kül altından boy atması ulu öndər Heydər Əliyevin adı ilə, daha da çiçəklənməsi, tərəqqisi isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimizin vəfatından sonra bütün bu quruculuq işləri unudulmaz Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Qısa bir zaman ərzində Horadiz günü-gündən böyüyərək müasir bir şəhərə çevrilib. Füzuli rayon İcra hakimiyyəti də daxil olmaqla, rayonun əsas infrastrukturu Horadiz qəsəbəsinə köçürülüb və yenidən qurulan qəsəbə artıq Füzuli rayonunun mərkəzi kimi şöhrətlənib.
Horadiz bu gün dünyanın ən təmiz, ən gözəl, cazibədar, inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər. Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, erməni işğalı zamanı Horadiz şəhərində dağıdılmış evlərin bərpası, avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında və digər Prezident Sərəncamları uğurla həyata keçirilib. Prezident 10 il ərzində altı dəfə Horadizə səfər edib və şəxsən iştirakı ilə Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Horadiz Tikiş Fabriki,  Azərxalça MMC-nin Horadiz filialı, Şahmat məktəbi, Muğam Mərkəzi, Horadiz İdman Kompleksi, Horadiz Dəmir Yolu Vağzalı, yeni məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və sair obyektlər bu gün cəbhə bölgəsindəki şəhərdə yaşayan, qurub-yaradan horadizlilərin xidmətindədir.
Milli Məclis sədrinin müavini xüsusilə qeyd edib ki, bütün bu uğurların qazanılmasında, Horadizin yenidən qurulmasında Azərbaycan Ordusunun xüsusi xidmətləri var. Çünki Azərbaycan Ordusu bu diyarın, bölgənin keşiyində həmişə ayıq-sayıq dayanıb və aprel döyüşləri zamanı oğulları ilk döyüşə uğurlayan da horadizlilər olub. Xalqımıza qələbə sevinci yaşadan, Lələtəpə zirvəsini azad edən, min hektarlarla ərazini tam nəzarətə götürən Azərbaycan əsgərini və şəhid oğullarımızı ilk qarşılayan da Horadiz olub. Horadizlilər Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna həmişə minnətdardırlar və bu gün bu bölgədə ordu ilə xalqın birliyi daha möhtəşəmdir, daha möhkəmdir.
Horadiz ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin ünvanıdır. Möhtərəm prezidentimiz haqlı olaraq qeyd edir ki, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu və ulu öndər Heydər Əliyevin siyasətini görürük. Tədbirin təşkilatçıları bu tədbirə möhtərəm prezidentimizin bu sözlərini bir şüar kimi, deviz kimi götürüblər.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov çıxışında xüsusilə vurğuladı ki, bütün bu uğurların qazanılmasında Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun böyük rolu var və onlar hər an Ali Baş Komandanın əmrlərinə hazır və torpaqlarımızı işğaldan azad etməyə qadirdirlər.
Millət vəkili çıxışını ölkə prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda sentyabr ayında Birləşmiş millətlər Təşkilatının 72-ci sessiyasında qeyd etdiyi fikrilə tamamladı: "Ermənistan öz məkrli siyasətindən əl çəkməli, işğal etdiyi torpaqları azad etməlidir, yoxsa aprel döyüşləri yenidən təkrarlanacaq və düşmənə aprel döyüşlərində olduğundan da ağır zərbələr vurulacaq."
Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev tədbir iştirakçılarını, bütün horadizliləri Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənov adından təbrik edib. Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəldilməsində xüsusilə xidməti olan beş nəfər Horadiz sakininə Müdafiə nazirinin adından mükafatlar təqdim olunub. General-mayor R.Əliyev qeyd edib ki, bu şəhər Ulu Öndərin yenidən həyata qaytardığı və möhtərəm prezidentimiz cənab İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunaraq gələcəyə doğru inamla irəliləyən bir şəhərdir. Cocuq Mərcanlıya gedən yollarda böyük qayıdışın ilk köçü də Horadizdən başlayıb. Cəbrayıla, Füzuliyə, Qubadlıya, Zəngilana, Şuşaya, Xankəndinə, Kəlbəcərə, Laçına və işğal altında olan digər torpaqlarımıza da qələbə yürüşü məhz Horadizdən başlanacaqdır. Bu bölgədə Azərbaycan ordusunun mübariz hissələri yerləşir, maddi-texniki təminat, silahlanma yüksək səviyyədədir, ərazi etibarlı qorunur və Azərbaycan əsgəri digər torpaqlarımızı da azda etməyə hazır və qadirdir.
Horadizin azad olunmasında və müdafiəsində iştirak edən general-mayor Mayis Bərxudarov, Milli Qəhrəman polkovnik Şükür Həmidov, iki dəfə "Azərbaycan bayrağı" ordenli Şair Ramaldanov, eləcə də Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, rayon ziyalıları adından professor cərrah Müşfiq Həsənov da tədbirdə çıxış edərək, Ali Baş Komandanın əmrilə ərazi bütövlüyümüzü təmin etmək məqsədilə döyüşlərə hər an hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda Horadiz şəhər ictimaiyyətinin Azərbaycan Respublikası Prezidentinə müraciəti oxunub.
Tədbirdə Abdulla Qurbaninin nəfis şəkildə hazırladığı “Horadiz - timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini gördüyümüz şəhər” kitab-albomunun təqdimatı olub və mərasim iştirakçıları Gəncə Qarnizonu Zabitlər Evinin təşkil etdiyi “Horadiz şəhəri 10 ildə” foto-sərgisinə tamaşa ediblər.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblının ifa etdiyi “Zəfər marşı”nın sədaları altında kütləvi vətənpərvərlik  tədbiri başa çatıb.