Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində Bölmələrin idarəedilməsi və texniki-nəzarət Mərkəzinin açılışı keçirilib.
Tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test və təmiri laboratoriyasına, idarəetmə üzrə mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş simulyatorlara, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçiriblər.
Müdafiə nazirinə məruzə edilib ki, mərkəzin təyinatı müxtəlif növ hərbi aviasiyanın uçuşlarının idarəedilməsi, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasının təmin edilməsidir.
Mərkəzdə yaradılan şəraitlə tanış olan Müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.