Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Bilik Günü münasibətilə zabit, müəllim və kursantları təbrik edib, kollektivə yeni tədris ilində uğurlar arzulayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bügünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Ulu Öndərin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması da ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsidir.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvandakı filialının tam müstəqil fəaliyyət göstərməsi üçün Ümummilli Liderimizin dahi adını ölkədə ilk dəfə 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə bu təhsil ocağında əbədiləşdirdi.
General-polkovnik K.Mustafayev hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı yetişdirmək üçün ardıcıl tədbirlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, burada kursantların vətənpərvərlik tərbiyyəsinə üstünlük verilir, tariximizə, dinimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması diqqət mərkəzində saxlanılır. İnanırıq ki, dahi şəxsiyyət Heydər Əliyevin adını şərəflə daşıyan hərbi liseyin pedaqoji kollektivi kursantlar ilə birlikdə dövlətimizin göstərdiyi diqqət və qayğını bundan sonrada öz əməli işləri ilə doğruldacaqlar.
Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Günel Əliyeva və kursant Məhəmməd Mustafayev çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, yeni tədris ilində dərslərdə fəal olacaqlarına söz veriblər.
Çıxışların ardından xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya medallar təqdim edilib. Sonra tribuna önündən təntənəli keçid olub.
Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilib. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik K.Mustafayev pedaqoji kollektivlə görüşüb, kursantların məişət şəraiti və keçirilən dərslərlə maraqlanıb.
Ötən tədris ilini böyük uğurlarla başa vuran Naxçıvan Qarnizonu tam orta məktəbində də 15 Sentyabr - Bilik Günü qeyd edilib. Tədbirdə vurğulanıb ki, ölkəmizdə Heydər Əliyev ili elan olunan 2023-cü ildə məktəbin kollektivi bir sıra uğurlara imza atıb. Belə ki, ötən tədris ilində məktəbi 22 şagird bitirib və onların hər biri müxtəlif ali təhsil müəssisələrinə daxil olub. Məktəbin məzunlarından 1 nəfəri qızıl, 1 nəfəri gümüş nişana, 1 nəfəri isə fərqlənmə attestatına layiq görülüb. Məzunlardan 5 nəfəri 500-700 intervalında bal toplayıb. Təhsil ocağının pedaqoji və müəllim kollektivinin səyi, ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının nəticəsidir ki, bu il məktəbin 9-cu sinfini bitirən Məhəmməd Məmmədov maksimum 300 bal toplayaraq ölkə üzrə birinci, Ayla Hüseynova isə 297,3 bal toplayaraq ikinci yerə layiq görülüb.
Ötən tədris ilində məktəbin 3 şagirdinin Azərbaycan Respublikası üzrə, 6 şagirdinin isə Naxçıvan Muxtar Respublikası üzrə məktəblilərin fənn olimpiadalarının qalibi adını qazandığı da vurğulanıb, qazanılan digər uğurlarda sadalanaraq qeyd olunub ki, kollektiv yeni başlanan tədris ilini də böyük uğurlarla başa vurmaq əzmindədir.
Tədbirdə şəhid anası Rəna Hüseynova çıxış edərək gələcəyin qəhrəmanları, qurucuları olan şagirdlərə təhsil yollarında uğurlar arzulayıb.
Çıxışların ardından şagirdlər vətənpərvərlik ruhunda mahnılar səsləndirib və şeirləri bədii qiraət ediblər.
Sonda ötən tədris ilində uğurlu nəticələr göstərmiş müəllim və şagirdlər mükafatlandırılıb. Bilik Günü tədbirindən sonra 2022-2023-ci tədris ilinin ilk dərslərinin keçirilməsinə başlanılıb.