Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2019 09:53

Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd edilib - VİDEO

Heydər Əliyev adına Hərbi Liseydə 15 sentyabr Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif vəzifələrdə xidmət edən Hərbi Liseyin məzunları da iştirak ediblər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bilik günü münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 318 kursant təhsil alır. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Ötən illər ərzində Hərbi Liseyi 3 mindən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Bu il hərbi liseyi bitirən məzunlardan 154 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 16 nəfəri Türkiyə Respublikasının, 9 nəfəri Rusiya Federasiyasının, 1 nəfəri isə Cənubi Koreya Respublikasının ali hərbi məktəbinə daxil olub.
General-leytenant Kərəm Mustafayev bildirib ki, hər birimizi daha da qürurlandıran Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının Ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət etmələridir. İnanırıq ki, Hərbi Liseyin məzunlarından hazırda Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif vəzifələrdə xidmət edən zabitlərin bilik günündə iştirak etmələri hər bir kursantı daha da qürurlandıracaq, dərslərdə daha fəal olmağa həvəsləndirəcək.
Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Təyyubə Bağırova və kursant Tapdıq Abbasov çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər. Valideynlərdən Şəfahət Kətanov Heydər Əliyev adına Hərbi Liseydə təhsil alan gəncləri təbrik edərək bir valideyn kimi qürurlu olduğunu ifadə edib.
Çıxışların ardından xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya medallar təqdim edilib. Sonra orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, tribuna önündən təntənəli keçid olub.
Qeyd edək ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev pedoqoji kollektivlə görüşüb, keçirilən dərslərlə maraqlanıb.