Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2016 09:00

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2016-cı il buraxılışı münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mərasimə hazırlıq barədə raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları salamlayıb, Heydər Əliyev adına Hərbi Liseyin növbəti buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllim heyətini, eləcə də tədbir iştirakçılarını təbrik edərək deyib: Hər bir ölkənin müstəqilliyini və dövlətçiliyini təsdiq edən əsas amillərdən biri də onun ordusudur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Silahlı Qüvvələrimiz həm güclü maddi-texniki bazaya, həm də peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Müasir dövrdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin mühüm bir istiqamətini ixtisaslı kadrların yetişdirilməsi təşkil edir. O ordu güclüdür ki, onun sıralarında peşəkar zabit heyəti var. Zabit heyəti isə öz-özünə formalaşmır. Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Silahlı Qüvvələrimiz üçün zabit korpusunun formalaşması işinə Ulu Öndərimizin adını daşıyan hərbi lisey də öz töhfəsini verir. Ötən dövrdə hərbi liseydə möhkəm maddi-texniki baza və nümunəvi hərbi tədris sistemi yaradılmışdır. Bu gün liseyin mindən çox məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında zabit kimi xidmətlərini davam etdirirlər.
Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan hərbi liseyin məzunu olmaq böyük məsuliyyət və şərəfdir. Vətənimiz Azərbaycanın gələcək müdafiəçiləri kimi bu şərəfə layiq olmalı, ali hərbi məktəblərdə yaxşı təhsil almalı, hərb sənətinə dərindən yiyələnməli, sədaqətlə xidmət etməlisiniz. Naxçıvan qədim hərb sənəti ənənələrinə malikdir. Əcdadlarımız daim bu torpağı yadelli işğalçılardan qorumuş, mübarizə aparmış, Əlincəqala, Oğlanqala, Qazançıqala kimi əyilməzlik və mübarizlik simvoluna çevrilən müdafiə istehkamları yaratmışlar. Bu torpaq böyük şücaətlər göstərən generallar, hərbi xadimlər yetirmişdir. Onların keçdiyi yol hər bir gənc üçün vətənpərvərlik nümunəsidir. İnanırıq ki, bu gün Heydər Əliyev adına Hərbi Liseyin müdavimləri olan kursantlar şərəfli zabit adını doğruldacaq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanacaqlar.
Hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin hərbi liseyin buraxılış tədbirində iştirakı müəllim və zabit heyətinin, kursantların üzərinə böyük məsuliyyət qoyur. Bu məsuliyyəti hiss edən kollektiv öz səylərini tədris prosesinin səviyyəsinin yüksəldilməsinə, hərbi hazırlığın gücləndirilməsinə, kursantlar arasında hərbi intizamın möhkəmləndirilməsinə sərf edirlər. Kursantlar muxtar respublikada keçirilən bilik müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış-müsabiqələrində müntəzəm iştirak edərək yüksək nəticələr əldə ediblər. Muxtar respublikanın gəncləri arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinin nəticəsidir ki, 2016-cı ildə 986 nəfər hərbi liseyə qəbul olunmaq üçün müraciət edib. Hazırda liseyin məzunlarından 10-u Rusiya Federasiyasında, 22-si Türkiyə Respublikasında ali hərbi təhsil alır. Bu il isə 205 kursant liseyi bitirir. Hərbi liseyin kollektivi bundan sonra da təhsilin keyfiyyətini yüksəldəcək, savadlı, fiziki cəhətdən hazır və vətənpərvər kursantların yetişdirilməsində öz qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Kursant Həbib Şükürlü çıxış edərək deyib: Qarşıdakı təhsil illərində Heydər Əliyev adın Hərbi Liseyin adını daim uca tutacaq, yüksək bilik və nizam-intizamla öndə gedəcəyik. Ordumuza bilikli, peşəkar zabitlər lazımdır. Bu məqsədə nail olmaq üçün əzmlə çalışacaq, ən əsası isə vətənimizə layiqli övlad olaraq, peşəkar zabit kimi ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə bütün qüvvəmizi səfərbər edəcəyik. Vətəni qorumaq, onu yağı düşmənin tapdağına verməmək üçün ordular yaranıb, bu ordulara başçılıq edən sərkərdələr isə öz şücaətləri ilə tarixin yaddaşına köçüblər. Bu mənada hərbi lisey bizim gələcəyin zabiti, vətən müdafiəçisi kimi formalaşmağımızda mühüm rol oynadı. Əmin edirik ki, and yerimiz Vətən bizim kimi oğulların çiynində daim yüksələcəkdir:
Tanrım verən ömür sənindi, Vətən,
Sinənə daş dəysə dağ-dağ olaram!
İrili-xırdalı yaralarına
Sarğı əvəzinə yarpaq olaram!
Bayrağın bir daha göylərdən enməz,
Güvəndiyin əsgər yolundan dönməz.
Kölgəndə yağılar kölgələnəməz,
Sərhəd dirəyinə bayraq olaram!
Valideynlər adından danışan Rahib Əhmədov deyib ki, bu gün Heydər Əliyev adına Hərbi Liseydə yüzlərlə gənc təhsil alır, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Artıq Heydər Əliyev adına Hərbi Lisey mətinlik məktəbinə çevrilib. Xoşbəxtəm ki, mənim övladım da bu peşəni seçib, Heydər Əliyev adına Hərbi Liseyi bitirərək ali hərbi məktəbə daxil olub. Rahib Əhmədov ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində həyata keçirilən tədbirlərə görə valideynlər adından minnətdarlıq edib.
Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Kursant Məhəmməd İsmayılzadə təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.
Orkestrin müşayiəti ilə "Hərbi lisey marşı" ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, hərbi liseydə vətənimizin gələcək müdafiəçiləri hazırlanır. Ona görə də hər il Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi muxtar respublikada əlamətdar gün kimi qeyd olunur. Bu gün lisey müəllimlərinin üzərinə mühüm vəzifələr düşür. Onlar gələcəyin zabitlərini yetişdirirlər. Kursantların gələcək ali hərbi təhsil illərində və xidmət dövründə qazandıqları uğurların təməlində müəllimlərin zəhməti dayanır. Ali Məclisin Sədri liseyin müəllimlərinə təşəkkür edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.
Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb.
Valideyn Rühəngiz Aslanova Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Bu gün hər bir valideyn ölkəmizin inkişafı ilə qürur duyur. Sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Xoşbəxtik ki, qüdrətli Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Fəxr edirik ki, övladlarımız Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin əmrlərinə hər an hazır olan müstəqil Azərbaycanın müdafiəçiləri kimi yetişirlər. Hərbi liseydə gənclərin hərtərəfli təhsil alması, vətənə və xalqa sədaqət ruhunda böyüməsi üçün lazımi şərait vardır. Valideyn olaraq qarşımızda duran əsas vəzifə dövlətimizin yaratdığı bu imkanlardan layiqincə bəhrələnmək, vətənpərvər və Ulu Öndərimizin ideyalarına sadiq gənclər yetişdirməkdir.
Ali Məclisin Sədri liseyin tədris korpusunda olub, yaradılan şəraitlə maraqlanıb.
Qeyd olunub ki, hərbi liseydə tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər davam etdirilir. Bu il tədris binasında 2 biologiya, 2 informatika, 2 tarix, ingilis dili, riyaziyyat, hərbi-topoqrafiya və ədəbiyyat kabinələri yaradılıb, bütün kabinələr tədris proqramına uyğun avadanlıqlar, stend və elektron dərsliklərlə təmin olunub, idman guşəsi yaradılıb, əlavə 4 elektron lövhə quraşdırılaraq liseydəki elektron lövhələrin sayı 12-yə çatdırılıb. Hazırda elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur. Həmçinin kursantlarda ilkin peşə vərdişlərinin formalaşdırılması məqsədilə liseyə 3 ədəd pnevmatik atəş silahı alınıb.
Ali Məclisin Sədri kursantların təhsilinə və fiziki hazırlıqlarına diqqət yetirilməsi, liseyin elektron dərsliklərlə mütəmadi təmin olunması və tədrisin səviyyəsinin daha da yüksəldilməsi barədə tapşırıqlar verib.