Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2024 16:17

Heydər Əliyev adına Hərbi İnstitutda "Açıq qapı" günü keçirilib - VİDEO

Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə hərbi peşə seçiminə maraq göstərən və buraxılış imtahanlarında yüksək bal toplamış abituriyentlər, onların valideynləri, yaxınları, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Hərbi İnstitutda "Açıq qapı" günü keçirilib.
Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
Tədbir çərçivəsində ziyarətçilər Heydər Əliyev adına Hərbi İnstitutda kursantlar üçün yaradılan sosial-məişət və təlim-tədris şəraiti ilə yaxından tanış olmaq məqsədilə xidməti, inzibati binalara, yataqxana və yeməkxanaya, həmçinin tədris siniflərinə baş çəkiblər.
Sonra ziyarətçilər institutun ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən, eləcə də digər eksponat və fotostendlərlə tanış olublar.
Heydər Əliyev adına Hərbi İnstitutun klubunda keçirilən tədbirdə imtahanlarda yüksək ballar toplamış abituriyentlər və onların valideynləri ilə Milli Müdafiə Universitetinin rəhbər heyəti və hərbi institutun kollektivinin görüşü keçirilib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun tarixi və tədris fəaliyyəti haqqında brifinq təqdim olunub, xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı məsələlər müzakirə edilib, vətənpərvərlik mövzularında çıxışlar dinlənilib və ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Azərbaycan Ordusunda son illər hərbi təhsil sahəsində həyata keçirilən yeniliklər, əldə olunan nailiyyətlər və hərbi təhsil müəssisələrini bitirən məzunlara verilən imkan və imtiyazlar barədə geniş məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində yüksək səviyyəli təhsilin təmin edilməsi məqsədilə ən müasir forma və metodlardan, trenajorlardan, eləcə də digər tədris vasitələrindən səmərəli istifadə olunur.
Tədbirin sonunda Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar təqdim edilib, qonaqlara nahar süfrəsi təşkil olunub, xatirə fotoları çəkdirilib.