"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2019 12:22

Heydər Əliyev adına AAHM-də Milli Qəhrəmanın xatirəsi yad edilib - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun şəhid olduğu vaxtdan üç il keçir. Üç il öncə əsgər Çingiz Qurbanov Vətəni müdafiə edərkən qəhrəmanlıqla həlak olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhidin ailə üzvlərini qəbul edərkən dediyi kimi Çingiz böyük qəhrəmanlıq, böyük igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə gəlmişdi. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.
Ali Baş Komandanın “Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir... Bütün Azərbaycan Çingizlə fəxr edir... Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır...” sözləri bu gün Azərbaycan Ordusunun hərbi hissələrində keçirilən vətənpərvərlik tədbirlərində bir daha xatırlanır və hərbi qulluqçularımızı Çingiz kimi igidlərin qəhrəmanlıqlarından bəhrələnməyə, şanlı döyüş tariximizə yeni-yeni səhifələr yazmağa ruhlandırır.
Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məkətbində də qəhrəmanın xatirəsi yad edilib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin mənalı ömür yolu barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş (ölümündən sonra) Çingiz Qurbanovun adı ölkəmizdə yetərincə əbədiləşdirilib. Qusar şəhərində küçələrdən birinə, xidmət etdiyi döyüş mövqeyinə, təhsil aldığı Həzrə kənd tam orta məktəbinə onun adı verilib, xatirə lövhəsi vurulub, haqqında kitab yazılıb, film çəkilib, tamaşa hazırlanıb. Şəhidin ailəsi Bakı və Qusar şəhərlərində mənzillə təmin olunub. Ailəsi daim diqqət mərkəzindədir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən qəhrəmanın anadan olmasının 25 illiyi doğulduğu Qusar rayonunda, xidmət etdiyi hərbi hissələrdə, eləcə də cəbhəyanı bölgələrdə təntənəli şəkildə qeyd olunub. Bu günlər isə onun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir.
Tədbirdə polkovnik Emin Səfərov çıxış edərək milli qəhrəmanların təbliğinin gələcək zabitlərin yetişməsində, onların Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında, döyüş və vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib.
Son vaxtlar Bakı Bələdiyyə Teatrının repertuarına daxil olan Abdulla Qurbaninin “Çingiz dastanı” adlı ikihissəli tamaşa təqdim edilib. Tamaşada teatrın aparıcı aktyorlarından Əməkdar artistlər Səmayə Sadıxova, Əfqan Soltanov, Hüsniyyə Mürvətova, Aydın Əliyev, İlqar Musayev və başqaları ifa etdikləri obrazlarla tamaşaçıların böyük marağına səbəb olublar. Kütləvi səhnələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti çıxış edib.
Tamaşadan sonra Bakı Bələdiyyə Teatrına, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinə, eləcə də aktyorlara qəhrəmanlıq ənənələrinin təbliğində və Azərbaycan Ordusunun şəxsi heyətinə mədəni xidmət göstərilməsində fəaliyyətlərinə görə Müdafiə Nazirliyinin adından hədiyyələr təqdim edilib.