Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2014 09:00

Hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlərə start verilib

Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2 iyun tarixli sərəncamının icrasına başlanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlərə start verilib. Bu məqsədlə Gəncə Qarnizonunda xidmətini başa vuran əsgərlərin yola salınması və gənc əsgərlərin hərbi xidmətə qəbuluna həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə hərbi orkestrin müşayiəti ilə hərbi hissənin Döyuş Bayrağı meydana gətirilib. Hərbi hissə komandiri şəxsi heyətin hazır olması barədə məruzə edib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdən sonra, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Z.Həsənovun təbrik-müraciətini şəxsi heyətə çatdırıb.
Sonra Böyük Vətən müharibəsinin veteranı İsmayıl Məmmədov, Əfqanıstan müharibəsinin veteranı İbrahim Hacıyev, Qarabağ müharibəsinin veteranı Tahir Dərziyev və Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar bölməsinin üzvü, şairə Samirə Səma çıxış edərək hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularını bildirdilər.
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev Vətənin etibarlı müdafiəsində fəal iştirak etmiş döyüşçülərə rayon rəhbərliyi və ictimaiyyət adından minətdarlığını bildirib və hərbi xidmətini başa vurmuş bir qrup hərbi qulluqçuya mükafatlar təqdim edib.
Ehtiyata buraxılan əsgər Hakim Əhmədov rəmzi olaraq silahını, dəmir əsgər dəbilqəsini və döyüş növbəsini gənc əsgər İlahi Tağıyevə təhvil verib.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Müdafiə nazirinin və hərbi hissə komandirinin adından hədiyyələr təqdim edilib, Döyuş Bayrağı qarşısında kollektiv şəkillər çəkdirilib.
Rəsmi hissədən sonra Gəncə Qarnizon Zabitlər Evi birləşmiş bədii kollektivlərinin iştirakı ilə böyük konsert proqramı təşkil olunub.
Bu tətbirlər Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrdə də davam edir.