Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2014 09:00

Hərbi vətənpərvərlik həftəsi davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi quluqçuların ehtiyata buraxılması və çağırış yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.
Tovuz, Ağstafa, Daşkəsən və Şəmkir bölgələrində yerləşən hərbi hissələrində təşkil olunan mərasimlər ümummili lider Heydər Əliyevin ideyalarına sədaqətin, Ordu ilə xalqın birliyinin və Vətən əsgərinin Azərbaycan naminə Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduğunun təntənəsinə çevrilmişdir.
"Səni tərənnüm edirəm, Azərbaycan əsgəri!" devizi altında təşkil olunan mərasim iştirakçılari əvvəlcə xalqımızın ümummili lideri Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında uçaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzinin ekspozisyası haqqında qonaqlara ətraflı məlumat verilib.
Əsgər klubunda keçirilən tədbiri Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, polkovnik Abdula Qurbani açaraq bildirib ki, Azərbaycan ordusu bu gün ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub.
Yaradıcılıq təşkilatlarının numayəndələri, veteranlar, ziyalılar öz çıxışlarında fəxrlə qeyd ediblər ki, bu gün doğrudan da Azərbaycanın ərazı bütövlüyünü, təhlukəsizliyini etibarlı şəkildə təmin edən, düşmən təcavüzlərini qarşısını qətiyyətlə alan və işğal atındakı torpaqlarımızı azad etməyə hər an hazır və qadir olan Silahlı Qüvvələrimiz vardır.
Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, Əməkdar İncəsənət xadimi, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair Məmməd Alim, yazarlardan Aləmzər Əlizadə, Nadir Ovçu, Ramiz Təmkin Azərbaycan əsgərinə həsr etdikləri yeni şeirlərini oxumuş və şəxsi heyətə xidmətdə uğurlar arzulamışlar.
Gəncə Dövlət Dram Teatrının aktyorları Xalq artisti Məmmədəli Balayev, artistlərdən Elşad Əhmədov, Eldəniz Tağıyev, Kamalə Məmmədova, Sevda Orucova və Sevinc Hüseynova hərbi vətənpərvərlik mövzusunda şeirlərdən ibarət ədəbi-kompozisiya təqdim ediblər.
Şəmkir Rayon İcra Hakimiyəti Başçısının müavinləri Fəxrəddin Vəliyev və Sona Əliyeva Ordu ilə xalqın birliyindən danışıb, Cahangir Rüstəmov adına Şəmkir şəhər tam orta məktəbinin müəllimi Şərqiyyə Məmmədova gənc rəssamların Vətən müdafiəçilərinə həsr etdiyi rəsm işlərini təqdim edib, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə Qarnizon Zabitlər Evi və folklor kollektivləri isə ordu mövzusunda ədəbi-musiqili kompozisiya ilə çıxış ediblər.
Məktəbli qızlar Nəzrin Quluzadənin, Xanım Piriyevanın və Bənövşə Kazımovanın "Vətən çağırır bizi" poeziya çələngi də tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirin sonunda polkovnik Elşad Əbilov hərbi hissənin komandanlığı və şəxsi heyəti adından Müdafiə Nazirliyinin rəhbərliyinə, mərasimin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.