Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2017 18:45

Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib

Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində yerləşən Hərbi Tibb Fakültəsinin yeni tədris binasının açılışında iştirak ediblər.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün tibbi avadanlıqlar və bütün kommunikasiya sistemləri ilə təchiz edilmiş iki mərtəbəli yeni bina barədə məlumat verib.
Bildirilib ki, tibb xidmətinin təşkili və taktikası, eləcə də hərbi tibbi profilaktika kafedralarının yerləşdiyi korpusda kursantların nəzəri və praktiki hazırlığı müasir tələblərə cavab verən müxtəlif tədris sinifləri, simulyasiya kabinetləri, laboratoriya otaqları və digər yardımçı bölmələrdə həyata keçiriləcəkdir.
Bina ilə tanışlıqdan sonra geniş brifinq salonunda şəxsi heyətlə görüş keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsində olduğu kimi hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb.
Müdafiə naziri ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşləri, o cümlədən Ermənistanın daim vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlar törətməsini xatırladaraq hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmalarını, dərin biliklərə və geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor G.Gəraybəyli də bu günün Hərbi Tibb  Fakültəsinin tarixində əlamətdar gün olduğunu, yeni binada təhsilin yüksək səviyyədə tədris olunması üçün şəraitin yaradıldığını, həmçinin Universitet tərəfindən hərbi tibb kadrlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə hərtərəfli köməkliyin göstəriləcəyini bildirib.
Sonda Müdafiə naziri tibbi heyətə müvafiq tapşırıqlarını verib.