Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2019 18:33

Hərbi qulluqçulara yeni xidməti mənzillər verilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binasının açılışı olub.
Açılış mərasimində hərbi qulluqçular, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Müdafiə naziri görülən kompleks tədbirlərin ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.
Nazir bildirib ki, yeni xidməti mənzillərin istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Azərbaycan Ordusunda şəxsi heyətin mənzil təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır.
Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə mütəmadi olaraq hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu qeyd edən Müdafiə naziri bu işlərin növbəti ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, dördmərtəbəli, dörd bloklu, 44 mənzilli bina tam təmirli mənzillərdən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.
Bildirilib ki, bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx mebeli və kondisionerlərlə təmin edilib. Ərazi hasara alınıb, asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün bütün lazımi şərait yaradılıb.
Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.