Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 2016 09:00

Hərbi qulluqçular böyük ruh yüksəkliyi ilə qarlı zirvələrə - döyüş növbəsinə yola düşüblər

Daşkəsən rayonundakı N nömrəli hərbi hissədə "Dağlar çağırır səni, Azərbaycan əsgəri!" devizi altında bir qrup hərbi qulluqçunun döyüş növbəsinə təntənəli yolasalma mərasimi keçirilib.
Qoşqar dağının ətəyində toplanmış şəxsi heyət qarşısında çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycanın ordu quruculuğunda son illərdə qazanılan uğur və nailiyyətlərdən fəxrlə danışaraq ordumuzun bu gün Qafqazın ən qüdrətli ordusu olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, bugünkü mütəşəkkil ordunun yaranması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, onun daha da qüdrətlənərək, qarşıya qoyulmuş hər hansı bir döyüş tapşırığını yerinə yetirməyə qadir və hazır olan güc strukturuna çevrilməsi möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü və qətiyyətli fəaliyyətinin nəticəsidir.
Vaxtilə zirvələrdə xidmətə göndərilən hərbi qulluqçulara əgər cəza tədbiri kimi baxılırdısa, bu gün ən yaxşı, nümunəvi, vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlıqlı, eləcə də fiziki keyfiyyətlərə malik sayseçmə əsgər və zabitlər məsuliyyətli, çətin, ancaq şərəfli mövqelərə göndərilir. Bununla yanaşı, düşmənlə təmas xəttində, sərt dağlıq şəraitində, ön mövqelərdə ən müasir xidməti şərait yaradılıb, yay-payız aylarından lazımi qış tədarükü görülüb, bütün təminat məsələləri yüksək səviyyədə həll edilib.
Dağlarda döyüş növbəsi çəkən hərbi qulluqçuların xidmətləri komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilir və Müdafiə Nazirliyi rəhbərliyinin daima diqqət mərkəzindədir.
Polkovnik-leytenant Fuad Ələkbərov döyüş növbəsinə yola salınan şəxsi heyətin silah və texnikalara yaxından bələd olduqları kimi, onların döyüş ruhunun, vətənpərvərlik hissinin də yüksək səviyyədə olduğunu və göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarına əminliyini bildirirb.
Respublika Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Daşkəsən rayon şöbəsinin sədri Elman Məmmədov yaşının səksənə yaxınlaşmasına baxmayaraq, bu gün gənc döyüşçülərə qoşulub zirvələrə qalxmağa hazır olduğunu, Qarabağ müharibəsi veteranı Zakir Məmmədov vaxtilə xidmət etdiyi hərbi hissə ilə bugünkü hərbi hissələrin həm maddi-texniki təchizat, həm də şəxsi heyətin döyüş ruhu baxımından yerlə göy qədər fərqləndiyini, Daşkəsən rayon icra hakimiyyətinin rəsmiləri Elman Əliyev və İlhamə Bayramova isə bütün xalqımız kimi daşkəsənlilərin də güclü dövlətimiz, güclü ordumuzla fəxr etdiklərini fərəh hissi ilə deyiblər.
Döyüş növbəsinə yollanacaq əsgərlər adından çıxış edən Vüqar Dadaşov: "Bu gün bəlkə də mənim həyatımın ən xoşbəxt günüdür. Sumqayıtda doğulub, şəhər mühitində böyüsəm də, həmişə dağlara qalxmaq arzusuyla yaşamışam. Özüm ali təhsilliyəm. Oxuduğum kitablar, baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, həqiqətən cəsurlar, əqidəli, iradəli insanlar həmişə zirvələri seçərlər. Qartallar zirvələrdə məskən salar, dağ kəlləri, qar bəbirləri zirvələrə can atarlar. Bu mənada, mən və mənim əsgər yoldaşlarım fəxr edirik ki, qış mövsümünü biz dağlarda keçirəcək, şaxtaya, çovğuna sinə gərərək Vətən qarşısında əsgəri borcumuzu şərəflə yerinə yetirəcək, bu dağlardan Laçına, Kəlbəcərə, Şuşaya, eləcə də Azərbaycan əsgərinin yolunu səbirsizliklə gözləyən qədim Göyçə mahalına tezliklə yollar açacaq, xalqımıza əsl bahar, qələbə sevincini yaşadacağıq" - deyib.
Daşkəsən Cümə məscidinin axundu Fariz Cəlal oğlu İslamda Vətən, dövlət sevgisindən, şəhidliyin ən müqəddəs məqam olduğundan danışıb, Vətən sərhədində keşik çəkən əsgəri cəhənnəm odunun yandırmayacağını vurğulayıb və döyüş növbəsinə yola salınan əsgərlərə xeyir-dua verərək onları müqəddəs kitabımız olan Qurani-Kərimin altından keçirib.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupunun çıxışları alqışlarla qarşılanıb.
Hərbi qulluqçular musiqi sədaları altında böyük ruh yüksəkliyi ilə qarlı zirvələrə - döyüş növbəsinə uğurlanıblar.
Həmin gün zirvələrdə döyüş növbəsini müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulardan bir qrupu məzuniyyətə yola salınıblar.