Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “İntellekt” adlı bilik yarışması keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyəti, ordu quruculuğuna verdiyi töhfələr barədə geniş məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə olan ümumxalq sevgisinin təcəssümü, böyük ehtiramın göstəricisidir.
Plana uyğun olaraq üç turdan ibarət bilik yarışmasına Heydər Əliyev adına Hərbi İnstitutun və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından, eləcə də Bakı Qarnizonunun hərbi qulluqçularından ibarət doqquz komanda qatılıb.
Bilik yarışmasının keçirilməsində əsas məqsəd şəxsi heyətin intellektual səviyyəsinin inkişaf etdirilməsi, dünyagörüşünün artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsi, həmçinin asudə vaxtının səmərəli təşkilidir.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışmada Hərbi Dəniz Qüvvələrinin matrosları 1-ci, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları 2-ci, “N” hərbi hissəsinin əsgərləri isə 3-cü yerə layiq görülüblər.
Sonda qalib komandalara mükafatlar təqdim edilib.