Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2022 19:08

Hərbi liseyin 50 illik yubileyinə həsr edilən Azərbaycan kuboku uğrunda futbol yarışları başa çatıb - VİDEO

Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə C.Naxşıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr edilən futbol üzrə Azərbaycan kubokunun final mərhələsi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani liseyin yaranması zərurətindən, məktəbin yetirmələrinin müasir rəşadətli Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında müstəsna xidmətlərindən, məzunların istər Birinci, istərsə də İkinci  Qarabağ müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışıb.
C.Naxçıvanski adına hərbi liseyin sabiq rəisləri, yetirmələri olan generallar, zabitlər dahi liderimiz Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm abidələrdən biri olan bu xüsusi təyinatlı təhsil ocağına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Hərbi liseyin ilk məzunlarından olan Azərbaycan Həvəskarlar Futbol Federasiyasının yaradıcısı və prezidenti, ehtiyatda olan polkovnik Rüfət Əmirov göstərilən dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.  
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov belə tədbirlərin Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, çağırışçıların, eləcə də yeniyetmələrin vətənpərvərlik və fiziki tərbiyəsində, iradi keyfiyyətlərin aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və incəsənət ustalarının ifa etdikləri vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Final oyununda “Gənclər” (Bakı) komandası “City Baku” (Bakı) komandasına 6:1 hesabı ilə qalib gələrək C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinə həsr edilən yarışın kubokunu qazanıb. Hər iki komanda medal və diplomlar, eləcə də xüsusi hədiyyələrlə təltif edilib.
Hərbi liseyin 50 illik yubileyinə həsr olunan Azərbaycan kuboku uğrunda futbol yarışları “Qələbə marşı”nın sədaları altında başa çatıb.