Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 13:59

Hərbi Liseydə Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib - VİDEO

Ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Ordusunda da silsilə tədbirlər keçirilir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan rəsm və şeir müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Tədbirdə liseyin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Çıxış edənlər Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası olduğunu vurğulayıblar. Qeyd olunub ki, Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Şair daim dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub.
Sonra müsabiqədə fəal iştirak edən bir qrup kursanta fəxri fərmanlar təqdim olunub.
Liseyin kursantlarının dahi şairin qəzəlləri əsasında hazırladıqları kompozisiyası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin Nəsimi yaradıcılığına həsr etdikləri konsert proqramı ilə davam edib.