Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ölkəmizdə keçirilən müxtəlif idman turnirləri, marafon və yarışlarda yüksək nailiyyətlər əldə edirlər.
Kursantlarımız güc strukturları arasında böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə turnirdə 4-ü qızıl olmaqla, ümumilikdə 8 medal qazanıblar.
Bundan başqa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Hapkido Federasiyasının təşkil etdiyi Hapkido döyüş növü üzrə şəhər birinciliyinə qatılan kursantlarımız da yüksək nəticələrə nail olublar. Belə ki, hərbi institutun kursantları yarışlara 2 yaş qrupu üzrə qatılaraq 13 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar.
Gənc müdavimlərimizin növbəti uğuru da mayın 5-də “Bakı Marafonu 2024” layihəsi çərçivəsində keçirilən "Küləyə qalib gəl" marafonunda uğurlu çıxışlarına görə medalla təltif edilmələri olub.
Peşəkar zabit kadrları hazırlayan Heydər Əliyev adına Hərbi İnstitutun kursantları respublikamiqyaslı yarışlarda uğurla çıxış edir və institutun idman şərəfini layiqincə qoruyurlar.
Qeyd edək ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu cari ilin 30 may tarixinədək uzadılıb.
Ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz.