Heydər Əliyev adına Hərbi İnstitutda “Zəfər Günü”nün üçüncü ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda II respublika elmi konfransı keçirilib.
Konfransda Heydər Əliyev adına Hərbi İnstitutun zabit, professor-müəllim heyəti ilə bərabər, respublikanın 14 təşkilatının rəhbər və nümayəndə heyəti iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək əklillər qoyublar.
Konfrans Ulu Öndərin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov konfransda giriş nitqi ilə çıxış edərək, 2020-ci il sentyabr ayının 27-də başlanan, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışaraq bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, Müzəffər Ordumuzun gücü sayəsində, şəhidlərimizin canı, qanı bahasına əldə olunmuş bu Qələbə ilə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyulub.
Daha sonra İkinci Qarabağ müharibəsinə həsr edilmiş videofilm nümayiş olunub.
Konfransda çıxış edən məruzəçilər Azərbaycan Ordusunun dünyanın hərb tarixinə yeni səhifə yazmasından, uğurlu əks-hücum əməliyyatlarında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, həmin günlərdə Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında apardığı mübarizədən, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin baş verənlərlə bağlı həqiqətləri nüfuzlu xarici KİV-lərə müsahibələrində çatdırmasından, bununla da Ermənistanın yalanlarını ifşa etməsindən ətraflı danışıblar.
Sonda konfransın əhəmiyyətini yüksək qiymətləndirilib, xatirə şəkli çəkdirilib.