Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2022 14:55

Hərbi İnstitutda andiçmə mərasimi keçirilib

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib.
Mərasimdə Milli Müdafiə Universitetinin və Hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Hərbi institutun döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov təntənəli mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini səmimi qəlbdən təbrik edib, Azərbaycan xalqına layiqli övlad, zabit olmağı, daim Vətənin keşiyində cəsarətlə dayanmağı arzulayıb.
Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
Sonra valideynlər hərbi təhsil ocağında kursantlar üçün  yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.