Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində müxtəlif dillər üzrə intensiv kursların buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi İdarəetmə İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti və dinləyicilərinin, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki hərbi attaşesinin iştirak etdiyi tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Dinləyicilər adından çıxış edən kurs birincisi isə öz növbəsində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də xarici dillərin tədrisində əməyi olan professor və müəllim heyətinə dərin minnətdarlığını bildirib.
Sonda məzunlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, ümumilikdə 41 nəfər məzunu olan kursların 14 nəfəri qardaş ölkə Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubudur.