Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2023 12:45

Hərbi hissələrdə silsilə vətənpərvərlik tədbirləri keçirilib

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Qarnizonunda və işğaldan azad edilən Kəlbəcər, Laçın rayonlarında dislokasiya olunan hərbi hissələrdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin layihəsi əsasında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə silsilə tədbirlər keçirilib.
“Gənc əsgərlərə mənəvi dəstək” aksiyası çərçivəsində dörd minə yaxın şəxsi heyətin iştirak etdiyi tədbirlərdə Müdafiə Nazirliyinin rəsmiləri, müharibə veteranları, şəhid ailələrinin üzvləri ordu həyatına yenicə qatılan gənc əsgərlərlə görüşüb, onlara xidmətlərində uğurlar arzulayıb, öyüd-nəsihət verib, peşəkar hüquqşünaslar hərbi qulluqçuların hüquq və vəzifələrini izah ediblər.
Gənc əsgərlər kütləvi tədbirlərdə Heydər Əliyev ideyalarına sadiq qalacaqlarına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənə sədaqətlə xidmət edəcəklərinə, şanlı döyüş ənənələrini layiqincə davam etdirəcəklərinə, valideynlərini nümunəvi xidmətləri ilə sevindirəcəklərinə söz veriblər.
Gəncə Qarnizonundakı hərbi hissələrdən birinin stadionunda üç min nəfərə yaxın gənc əsgər “Səni tərənnüm edirik, Azərbaycan əsgəri!” devizi altında bədii proqramı izləyib.

 

Heydər Əliyev ideyalarına sadiqik!


Ulu Öndər Heydər Əliyevin 1994-cü il 24 yanvarda xeyir-dua verib cəbhəyə (Murovdağ və Füzuli rayon istiqamətlərinə) yola saldığı hərbi hissənin 30 illiyinə hazırlıq işlərinə start verilib. Bu məqsədlə həmin hərbi hissənin ilk əsgərlərindən olan polkovnik Abdulla Qurbaninin layihəsi əsasında Kəlbəcər şəhərində ilk böyük tədbir keçirilib. Digər hərbi hissələrin əsgər və zabitlərinin də iştirak etdiyi “Heydər Əliyev ideyalarına sadiqik!” adlı mədəni-kütləvi tədbirdə Ulu Öndərin yolasalma mərasimində bu gün də aktual olan çıxışı bir daha şəxsi heyətə çatdırılıb, hərbi hissənin döyüş yoluna nəzər salınıb və Vətən müharibəsində göstərdiyi igidlik nümunələri xatırlanıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi şəxsi heyət qarşısında vətənpərvərlik mahnıları və rəqslərdən ibarət proqramla çıxış edib.
Ulu Öndərin 30 il öncə cəbhəyə yola saldığı hərbi hissənin şəxsi heyəti Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz yubileylərini döyüş və mənəvi-psixoloji hazırlıqda daha böyük uğurlarla qarşılayacaqlarına söz veriblər. Hərbi hissəyə A.Qurbaninin müəllifi olduğu kitablar hədiyyə edilib.

 

Azərbaycan Ordusu Vətən müharibəsindən sonra


Komando bölmələrinin şəxsi heyəti ilə keçirilən “Azərbaycan Ordusu Vətən müharibəsindən sonra” adlı ədəbi-bədii gecədə Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda aparılan əsaslı islahatlar barədə şəxsi heyət məlumatlandırılıb. Yeni əməliyyat-komando hərbi hissələrinə döyüş bayrağı təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əsas istiqamətləri barədə danışılıb, Prezidentin nitqlərindən fraqmentlər səsləndirilib.
Bədii təşviqat briqadasının təqdim etdiyi “Zəfər suitası”, “Qalib Sərkərdə”, “Qələbə sevinci”, “Müzəffər Ordumuz” vətənpərvərlik mahnıları, “Biz birlikdə güclüyük”adlı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.
Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun və əsgər xorunun ifa etdiyi “İnamla gedirik gələcəyə biz” mahnısı ilə tədbir başa çatıb. Tədbirin sonunda üçəm uşaq atası müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əmurulla Əmirəliyev hərbi qulluqçulara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.
Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandanın 2023-cü il 23 iyunda yeni komando hərbi hissəsinə döyüş bayrağı təqdim edərkən söylədiyi “Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür!” fikirlər komandoçular tərəfindən alqışlarla qarşılanıb və onlar söz veriblər ki, ordumuzun daha mütəşəkkil qüvvəyə çevrilməsi üçün səylərini əsirgəməyəcək, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlar.

 

Dəmir yumruq yerindədir!


Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il 26 iyun tarixində Döyüş bayrağı təqdim etdiyi hərbi hissədə “Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib.
Hərbi hissənin girişində “Dəmir yumruq” abidəsi və şəhidlərin xatirə kompleksi ziyarət olunub. Sıra meydanında keçirilən tədbirdə polkovnik Abdulla Qurbani ssenari müəllifi və aparıcısı olduğu həmin möhtəşəm mərasim haqqında hərbi qulluqçulara ətraflı məlumat verib, Müzəffər Ali Baş Komandanın tarixi çıxışı barədə danışıb.
Bir il öncə burada dövlətimizin başçısının qarşısında “Komando Andı” qəbul edən igidlərin bu gün düşmən təxribatlarının qarşısını qətiyyətlə aldığı, igidlik və şücaət nümunələri göstərdiyi, hətta onlardan bir neçəsinin şəhidlik zirvəsinə ucaldığı xatırlanıb. Şəhidlərin intiqamının artıqlaması ilə alındığı nəzərə çatdırılıb.
Ulu Öndərə, qalib Azərbaycan xalqına, Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana həsr olunan şeir, mahnılar ifa edilib, xalqımızın milli dəyərlərini əks etdirən etnoqrafik lövhələr canlandırılıb.
Çıxış edən hərbi qulluqçular Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və Müdafiə Nazirliyinin rəhbərliyini əmin ediblər ki, “Dəmir yumruq” bu gün də yerindədir və Vətənin hər bir çağırışına hər an hazırdırlar.


Köçən ellər qayıdır, gözün aydın Laçınım!


Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrin nümayəndələrinin iştirakı ilə “Köçən ellər qayıdır, gözün aydın Laçınım!” adlı tədbir keçirilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən söhbət açılıb. İşğaldan azad edilən ərazilərdə aparılan geniş quruculuq işləri barədə şəxsi heyətə ətraflı məlumat verilib. Bundan sonra da şəxsi heyətin qarşısında daha mühüm vəzifələrin durduğu vurğulanıb.
Polkovnik Abdulla Qurbani qeyd edib ki, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi Laçın şəhəri və rayonun digər qəsəbə və kəndləri də erməni vandalizminə məruz qalıb. Lakin şəhər və kəndlər artıq Azərbaycan Prezidentinin rəhbərliyi altında yenidən qurulur, quruculuq-abadlıq işləri geniş vüsət alır.
Rayonun strateji yüksəkliklərində mübariz keşikdə ayıq-sayıq dayanan Vətən müdafiəçiləri düşmən təxribatlarının qarşısını mərdliklə və qətiyyətlə alırlar. Laçın şəhəri bu gün quruculuq meydanını xatırladır, yeni-yeni layihələr uğurla yerinə yetirilir, məcburi köçkünlər uzun illərin ayrılığından sonra doğma yurd yerlərinə qayıdırlar. Bütün bunlar məhz, Azərbaycan əsgərinin gözləri qarşısında baş verir.
Prezident İlham Əliyevin 2022-ci il 21 sentyabrda Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən dediyi “Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu Bayraq burada əbədi dalğalanacaqdır” fikirlər səsləndirildikdən sonra şəxsi heyət adından çıxış edən polkovnik-leytenant Rəşad Gülməmmədov qürur hissi ilə deyib: “Biz bir daha bəyan edirik ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində ucaltdığı Azərbaycan Bayrağı heç vaxt enməyəcəkdir. Bayrağımız etibarlı əllərdədir və biz məcburən Laçını tərk etmiş böyük köçün qayıdışına çox sevinir və Laçınımızın keşiyində bundan sonra da ayıq-sayıq duracağımıza söz verir, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəyimizi və xalqımızı yeni-yeni uğurlarla sevindirəcəyimizi bildiririk”.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə “Bayrağım heç zaman enməyəcəkdir” adlı ədəbi-musiqili proqram təqdim olunub.
Tədbirdə iştirak edən Laçın sakinlərindən bir qrupu Azərbaycan Prezidenti, cənab İlham Əliyevə Laçının yenidən dirçəlməsində, laçınlıların doğma yurdlarına qayıtmasında, Azərbaycan əsgərinə isə Laçının keşiyində mərdliklə dayandığına görə minnətdarlıq ediblər. Xalqla Ordu nümayəndələrinin birlikdə ifa etdikləri “Laçınım” mahnısı dağlar qoynunda əks-səda verib.
Hərbi hissələrə ezam edilən bədii-təşviqat biriqadasının üzvləri səfər müddətində qruplara bölünərək ayrı-ayrı döyüş mövqelərində olub, şəxsi heyətlə görüşlər keçirib, onların problem və qayğıları ilə maraqlanıb, söhbətlər aparıb, onlara mədəni xidmət göstəriblər.