Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2023 23:15

Hərbi hissələrdə bayram şənliyi təşkil edilib

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə hərbi hissələrdə bayram tədbirləri keçirilib.
Bayram tədbirlərində əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni oxunub.
Tədbirlərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev və prokurorluğun digər rəhbər heyəti, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və digər çıxış edənlər Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib, maddi-texniki bazası gücləndirilib və döyüş qabiliyyəti artırılıb. Ulu Öndər Heydər Əliyev ordunun xalqımızın tərkib hissəsi olmasını vurğulamaqla, dövlətin, xalqın qayğısı ilə əhatə olunmasını, hər kəsin orduya qayğı göstərməsini də tövsiyə edib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhlükəsizlik və müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərib, Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan verib, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, eyni zamanda, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına zəmin yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.
Bütün bunların nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq olub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək, 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər və zabitlərimiz şərəfli peşə sahibi olduqlarını bir daha sübut ediblər. Torpaqlarımız şəhidlərin qanı bahasına azadlığa qovuşub. Bu gün Vətənin keşiyində dayanan əsgərlər və zabitlərimiz onlara əmanət olan torpaqları göz bəbəyi kimi qoruyurlar.
Hərbi hissələrin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib və belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyiblər. Bildirilib ki, əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.
Çıxış edən hərbçilər göstərilən xüsusi diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirlərdə əsgərlərə bayram sovqatları verilib, konsert proqramları təşkil olunub.