Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2018 18:31

Hərbi hissədə Xocalı faciəsi anılıb

Fevralın 24-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və “N” nömrəli hərbi hissəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Faciə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani bəşəriyyətin ən qəddar və amansız terror hadisəsindən biri olan Xocalı soyqırımı haqqında danışıb.
Bildirilib ki, bu faciə 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni hərbi birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.
Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırıldı.
Hərbi birliyin zabiti Mehman Kərimov da ermənilərin törətdikləri vəhşiliklərdən söz açaraq Azərbaycan Ordusunun gücü ilə bütün şəhidlərimizin qisasının alınacağını diqqətə çatdırıb.
Tədbirdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi ədəbi-bədii proqram ilə çıxış edib.
Sonda “Salnamə” kinostudiyasının hərbi-vətənpərvərlik mövzusunda istehsal etdiyi və real faktlara əsaslanan “Mən evə qayıdıram” bədii filmi şəxsi heyətə nümayiş etdirilib.