Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2018 16:43

Hərbi hissədə görüş keçirilib

Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri, eləcə də ictimaiyyətin nümayəndələri tez-tez Ordumuzun müxtəlif hərbi hissələrində, ön xətdə yerləşən bölmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində olaraq şəxsi heyətlə görüşür, onlar üçün yaradılan xidməti şəraitlə yaxından tanış olur, təklif və tövsiyələrini verirlər.
Ordu ilə ictimaiyyət arasında əlaqələrin gündən-günə genişlənməsi həm şəxsi heyətin döyüş ruhunu, mənəvi-psixoloji hazırlığını, vətənpərvərlik hissini yüksəldir, həm də xalqın öz ordusuna, onun güc və qüdrətinə inamını daha da artırır.
Bu gün hərbi hissələrdən birinin qonağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, respublikanın Əməkdar artisti, dosent Azad Şükürov hərbi şəhərcikdəki xidməti, inzibati binalar və digər obyektlərə baş çəkərək  şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olub. Hərbi qulluqçularla görüşən A.Şükürov onların qayğıları ilə maraqlanıb, ideoloji otaqda fərdi söhbətlər aparıb və  əsgərlərlə birlikdə nahar edib.
A.Şükürov qeyd edib ki, Ordumuz yarandığı ilk gündən o da “Döyüşən teatr” kimi tanınan Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi ilə birlikdə bütün bölgələrə səfər edib, döyüşlər getdiyi bir vaxtda əsgərlərimizə mənəvi dayaq olublar. O,  oğlunun ali təhsilini başa vurduqdan sonra cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birində xidmət etdiyini də fəxrlə xatırlayıb.
“Hər dəfə hərbi hissələrə gedərkən bir yeniliyin şahidi oluram. Yeni hərbi şəhərciklər, maddi-texniki bazanın möhkəmlənməsi, hərbi qulluqçuların peşəkarlığının artması bir ziyalı kimi məni də sevindirir. Cari ildə keçirilən hər iki hərbi paradda Ordumuz sərəncamında olan silah və texnikanın yalnız bir qismini nümayiş etdirdi. Ancaq mən şahidəm ki, Ordumuz daha böyük hərbi gücə malikdir.
Azərbaycan Ordusunun bugünkü  vəziyyətinin tam əksinə olaraq təcavüzkar Ermənistan ordusu acınacaqlı durumdadır. Hətta Ermənistan rəhbərliyi belə ordularındakı neqativ halları etiraf etmək məcburiyyətində qalıb. Ermənistan ordusunda fərarilik halları, qeyri-döyüş itkiləri çoxalır, xəstəlik baş alıb gedir, təminat məsələlərində özbaşınalıqdır, rüşvətxorluq, oğurluq adi hala çevrilib. Əsgər valideynlərinin etiraz dalğası artıq ölkəni bürüyüb. Bütün bunlar Ermənistan kütləvi informasiya vasitələrinin, eləcə də yerli və xarici ekspertlərin yaydıqları dəhşətli xəbərlərdir.
Bu gün mən bir hərbi hissəni ziyarət etməklə bir daha bu qənaətə gəldim ki, həqiqətən də Azərbaycanda Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi, ərazi bütövlüyümüzün təmin edilməsi məsələləri ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir və aparılan müstəqil, təmkinli, məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə azad ediləcəkdir.” - deyə Azad Şükürov bildirib.