Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2014 09:00

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində milli qəhrəmanların xatirəsi anılıb

Avqustun 6-da Hərbi Hava Qüvvələrinin hərbi hissəsində milli qəhrəmanlar Zakir Məcidov, Ruslan Polovinka və Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri, veteranlar və milli qəhrəmanların ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmuş hərbi təyyarəçilərin xatirəsinə hərbi hissənin ərazisində ucaldılan abidənin önünü əklil və gül dəstələri qoyublar. Ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani bildirib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Vətənin qəhrəman oğullarının yubiley və xatirə günlərinin keçirilməsi Silahlı Qüvvələrimizdə artıq ənənə halını alıb.
Bu tədbirlər şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə öz müsbət təsirini göstərir.
Tədbirdə milli qəhrəmanların keçdikləri döyüş yolundan söhbət açılıb. Qeyd olunub ki, milli qəhrəmanlar Zakir Məcidov, Ruslan Polovinka və Cavanşir Rəhimov 1992-ci il avqustun 6-da Ağdərə uğurunda gedən döyüşlərdə şəxsi rəşadət və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Böyük Vətən müharibəsi veteranı, təyyarəçi Damət Nəbiyev, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Cəlil Xəlilov, Hərbi Hava Qüvvələrinin zabiti Elşad Pənahov və başqaları çıxış edərək qeyd ediblər ki, bu gün Silahlı Qüvvələrdə şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında, hərbi vətənpərvərlik ruhunda, ata-babaların qəhrəmanlıq ənənələri zəminində tərbiyə olunması, onlara yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlər aşılanması, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məsələlərinə xüsusi önəm verilir.
Bu mənada Milli Qəhrəmanların şərəfli ömür yolunun gənc nəslə örnək olduğu, belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı vurğulanıb.
Çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində görülmüş işlərdən də danışıblar.
Milli qəhrəman Cavanşir Rəhimovun qardaşı oğlu Cavanşir Rəhimov tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.