Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər. Hərbi attaşelərə Muzey barədə ətraflı məlumat verilib. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın qonaqlar adından muzeydəki Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra hərbi attaşelərin Naxçıvan Biznes Mərkəzinə ziyarəti təşkil edilib.
Mərkəzdə qonaqlara məlumat verilib ki, muxtar respublikada 384 növdə məhsul istehsal olunur və ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artaraq 88 faizi ötüb. Hazırda əhalinin 350 (108-i ərzaq, 242-si qeyri-ərzaq) növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Bütün bunlar xarici ticarət əlaqələrinin coğrafiyasının daha da genişləməsinə, ixrac potensialının artmasına da münbit şərait yaradır. Qonaqlar mərkəzdə qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri barədə məlumat alıb, yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıblar.
Sonra qonaqlar Şərur Xalq Yallı Ansamblının və Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının çıxışlarını izləyiblər. Günün sonunda Duzdağ restoranında qonaqlar üçün şam yeməyi təşkil edilib.
Səfərin ikinci günündə hərbi attaşelər Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahı ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar. Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Qonaqlar Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevlə də görüşüblər. Görüşdən sonra Naxçıvanda ordu quruculuğundan bəhs edən videoçarx nümayiş olunub.
Sonra hərbi attaşeler Duzdağ Fizioterapiya Mərkəzində olublar. Bildirilib ki, hər il minlərlə insanın, o cümlədən turistlərin üz tutduğu Duzdağ Fizioterapiya Mərkəzini digərlərindən fərqləndirən bir sıra üstün cəhətlər barədə danışılıb. Bildirilib ki, üstün cəhətlər burada yaradılan müasir şəraitlə yanaşı, şaxtada havalandırmanın təbii olması, mikrob cisimciklərinin aşağı səviyyədə, allergenlərin isə yox dərəcəsində olmasındadır.
Qonaqlar üçün Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzində çay süfrəsi də təşkil edilib. Şahbuz rayonunda yerləşən hərbi hissəyə baş çəkən qonaqlar əsgərlərin məişət şəraiti ilə maraqlanıblar və əsgərlər üçün bişirilən isti çörəyin dadına baxıblar.
Səfərin sonunda qonaqlar üçün Batabat restoranında nahar yeməyi təşkil edilib. Bununla da Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.