Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2019 17:14

Hərbçilərin VII Dünya Oyunlarında cüdoçularımız ilk medallarını qazanıb

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.
Oktyabrın 20-də cüdo komandamızın üzvləri Hidayət Heydərov (81 kq çəki dərəcəsində) və Məmmədəli Mehdiyev (90 kq-dək) uğurla çıxış edərək yarışın bürünc medallarına layiq görülüblər.
Əvvəlcə 81 kiloqramadək idmançıların yarışında mübarizə aparan Hidayət Heydərov ilk görüşdə rusiyalı Alan Xubestova qalib gəlsə də, 1/16 final mərhələsində Cənubi Koreya idmançısı Li Sunq Hoya məğlub olub. Buna baxmayaraq 3-cü yer uğrunda təsəlliverici yarışlarda mübarizə aparmaq hüququ olan Hidayət Heydərov ilk turda serbiyalı Milos Simonoviçə, ikinci qarşılaşmada polşalı Damyan Şvarnovyekiyə, 3-cü görüşdə isə İsveçrə təmsilçisi Maykl Kistlerə ipponla qalib gəlib.
H.Heydərov 3-cü yer uğrunda görüşdə polşalı Blax Lukaz ilə qarşılaşıb. Cüdoçumuz rəqibini vazzari fəndi ilə məğlub edərək yarışı üçüncü yerdə başa vurub.
Sonra çəkisi 90 kiloqramadək kişilərin yarışında mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev ilk turda Bəhreyn idmançısı Cəmşid Qələndərovu məğlub edib. Növbəti mərhələdə ispaniyalı Kulebras Tallon Serxioya, 1/4 final mərhələsində isə polşalı Kuzera Pyotra ipponla qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Cənubi Koreya təmsilçisi Cunq Von Cuna məğlub olan M.Mehdiyev 3-cü yer uğrunda görüşdə monqolustanlı Altanbaqana Qantulqa ilə qarşılaşıb. Cüdoçumuz güclü rəqibini ipponla məğlub edərək yarışı üçüncü yerdə başa vurub.
Digər təmsilçimiz Elmar Qasımov (100 kq-dək) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.
Boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.