Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2015 09:00

Hərb Tarixi muzeyində tədbir keçirilib

Tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 23 il ötməsinə baxmayaraq onun dəhşətləri, ağrı-acısı qan yaddaşımızda əbədi həkk olunub.
Azərbaycan Hərb Tarixi muzeyində Xocalı soyqırımı qurbanlarının ildönümünə həsr olunmuş anım mərasim keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, veteran və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq çıxışına Ulu Öndərimiz Heydər Əliyevin bu cinayət aktı barədə dediyi sözlərlə başlayıb: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Ə.Qənizadə eyni zamanda bildirib ki, dünya tarixi dinc insanların kütləvi qətliamını həmişə dəhşətlə qarşılayıb və bu cinayəti törədənlər tarixin məhkəməsindən qurtula bilməyiblər: "Xolokost, Serebrenitsa soyqırımlarını törədənlər üzərində məhkəməni xatırlayın. Xocalı soyqırımını törədən ermənilər də tarixin ədalət məhkəməsindən qurtula bilməyəcəklər".
Anım mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərb Tarixi muzeyi, Mərkəzi Zabitlər Evi nümayəndələrinin və digər qonaqların çıxışları ilə davam edib.
Sonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.