Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2014 09:00

Hərb Tarixi Muzeyində qəhrəmanların yubiley tədbiri keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində alman faşizmi üzərində Qələbənin 69-cu ildönümünə, Sovet İttifaqı qəhrəmanları Bəhiyyədin Mirzəyevin 100, Cəmil Əhmədovun və Mikayıl Ələkbərovun isə anadan olmalarının 90 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Təlim və Tədris Mərkəzinin, Hərbi Akademiyanın, Respublika və Bakı Şəhər Veteranlar Şurasının, Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyinin, hərbi hissələrin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında yüz minlərlə qurban vermiş Azərbaycan xalqının, təbii sərvətlərinin, xüsusən də neftinin böyük rol oynadığı qeyd edilib.
Sonra muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nuru Məmmədovun "Azərbaycan xalqı İkinci Dünya müharibəsi illərində" mövzusunda məruzəsi dinlənilib. Ekspozisiya hissə rəisi Şəlalə Hüseynova, elmi işçilər Gülşən Hüseynova və Sevər Həsənovanın Sovet İttifaqı qəhrəmanları Bəhyədin Mirzəyev, Mikayıl Ələkbərov və Cəmil Əhmədov haqqında zəngin faktlara əsaslanan çıxışları da qonaqlarda böyük maraq doğurub.
Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun şərəfli omür yolundan bəhs edən filmin nümayişindən sonra çıxış edən İkinci Dünya müharibəsi veteranları və onların ailə üzvləri 9 May - Qələbə Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək torpaqlarımızın erməni işğalçılarından tezliklə azad olunmasını arzulayıblar.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiya zalları ilə tanış olublar.