Fevralın 9-da Azərbaycan Hərb Tarixi Muzeyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş "Qars müqaviləsindən Naxçıvan dəhlizinə və dünyaya" adlı elmi seminar keçirilib.
Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzey rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə deyib: "XX əsrin əvvəllərində Antanta dövlətləri Rusiya və Türkiyəyə qarşı mübarizə aparırdı. 1921-ci il martın 16-da "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi qəbul edildi. Müqavilənin üçüncü maddəsinə əsasən Naxçıvan vilayəti bu müqavilənin əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərtilə muxtar ərazidir.
Naxçıvanın statusu məsələsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə müəyyənləşdirilib. Həmin müqavilədə Naxçıvanın statusunda üç mühüm məsələ yer alıb. Bunlar Naxçıvana muxtariyyət statusu verilir, Naxçıvan Azərbaycanın himayəsi altında olmalıdır, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcək”, - deyə muzey rəisi vurğulayıb.
Elmi seminarda muzeyin tədqiqatçı baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun çıxışı dinlənilib.
Naxçıvan Muxtar Respublikasının yaradılması və inkişafına həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.