Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasında 28 may - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti, cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyini vurğulayıblar.
Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrini yaşatmaqla müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Memarı Ulu Öndər olan müasir Azərbaycan Respublikası isə Xalq Cümhuriyyətinin siyasi varisidir.
Bayram tədbiri konsert proqramı ilə davam edib.
Sonda tədbirin təşkilində fəal iştirak edən qonaqlara HDQ komandanlığı adından fəxri fərmanlar təqdim olunub.