Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2014 09:00

Gürcüstan Müdafiə naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri keçirilib

Martın 28-də Müdafiə Nazirliyində Gürcüstan Müdafiə nazirinin müavini cənab Mixeil Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov cənab M.Darçiaşvilini qəbul edib.
Hər iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələrinin görüşündə ölkələr arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cənab M. Darçiaşvilini qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdiklərini, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdirildiyini vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri ölkələrimizin ərazilərindəki mövcud qaynar bölgələrdəki dondurulmuş münaqişələrin regionun inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Gürcüstanın Müdafiə nazirinin müavini cənab M.Darçiaşvili də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və qarşılıqlı səmimi münasibətlərə əsaslandığını, Gürcüstanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib, hər iki ölkənin müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın ölkələrin ümumi mənafelərinə xidmət etməsini bildirib.
Sonra Azərbaycan-Gürcüstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidze də iştirak edib.