Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2019 19:09

“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqəsinin qalibləri mükafatlandırılıb - VİDEO

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunan “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçirilən plakat üslublu əsərlərdən ibarət rəsm sərgi-müsabiqəsinə yekun vurulub.
Aprelin 23-dən elan edilən sərgi-müsabiqənin məqsədi Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı uşaq, yeniyetmə və gənclərin xüsusi istedad və bacarıqlarını nümayiş etdirmək, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılmasını aşkara çıxarmaq olub.
Tədbirdə hərbi qulluqçular və onların ailə üzvləri, Rəssamlar İttifaqının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma mərkəzinin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva çıxış edərək sərgi-müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirərək, yeniyetmələrin dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Müsabiqəyə təqdim olunan 350-yə yaxın rəsm əsərlərinin əsas mövzusu  vətənpərvərlik və ordu quruculuğu, dövlətçiliyin əsas atributu olan Azərbaycan Ordusunun güc və qüdrətinin tərənnümü olub.
Mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti qalibləri və fərqlənən iştirakçıları müəyyən ediblər. 
Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramının müşayiəti ilə tədbir iştirakçıları sərgiylə tanış olublar.
Sonda sərgidə sənət nümunələri nümayiş etdirilən yaradıcı iştirakçılara diplomlar və hədiyyələr təqdim edilib.