Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2014 09:00

General-mayor Dağlar Abdullayev son mənzilə yola salınıb

2014-cü il may ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev ilə vida mərasimi keçirilib.
Üzərinə Azərbaycan Respublikasının dövlət bayrağı sərilmiş tabutun qarşısında mərhumun təltif olunduğu medallar qoyulmuşdu.
Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, hərbi hissələrin şəxsi heyəti, veteranlar cənazə yanında fəxri qarovulda dayanaraq ona ehtiram bildiriblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə yaradılmış dəfnin  təşkili üzrə komissiyanın sədri mərhum general D.Abdullayevin həyat və xidmət yolundan danışıb, vəfatı ilə əlaqədar Müdafiə Nazirliyi rəhbərliyinin nekroloqunu vida mərasimi iştirakçılarının nəzərinə çatdırıb.
Sonra hərbi orkestrin müşayiətilə izdiham 2-ci Şəhidlər Xiyabanına yola düşüb.
Əsgəri ənənələrə uyğun olaraq Azərbaycan Respublikasının dövlət himninin ifası, yaylım atəşlərindən sonra mərhum general-mayor D.Abdullayev son mənzilə yola salınıb.
Mərasimin sonunda cənazənin üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib. 

DAĞLAR MƏMMƏD OĞLU ABDULLAYEV

Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz vermişdir. İstefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev 2014-cü il may ayının 10-da ömrünün 76-cı ilində vəfat etmişdir.
Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olmuşdur.
1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) daxil olmuş və 1960-cı ildə həmin institutu «həkim-stomotoloq» ixtisası üzrə bitirmişdir.
1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdir.
1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında «həkim-stomotoloq» kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir.
1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olmuşdur.
1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilmiş və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilmişdir.
1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir.
2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdir.
2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.
Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 08 oktyabr 1994-cü ildə «tibb xidməti general-mayoru» ali hərbi rütbəsi verilmişdir. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 2006-cı ildə «Azərbaycan Respublikasının Əməkdar həkimi» fəxri adına layiq görülmüş və bir sıra medallarla təltif olunmuşdur.
İstefada olan general-mayor Dağlar Məmməd oğlu Abdullayevin əziz xatirəsi Silahlı Qüvvələr şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH rəhmət eləsin!

Zakir Həsənov,
Nəcməddin Sadıkov,
Çingiz Məmmədov,
Qorxmaz Qarayev,
Ramiz Tahirov,
Kərəm Mustafayev,
Natiq Əliyev.

.