Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2021 19:49

General-mayor Akim Abbasovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib - VİDEO

Mayın 25-də görkəmli hərbi və ictimai-siyasi xadim general-mayor Akim Abbasovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə general-mayor A.Abbasovun Fəxri xiyabandakı məzarı ziyarət olunub. Mərasimdə A.Abbasovun yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, kursantlar iştirak ediblər. Fəxri Qarovulun müşayiəti ilə məzar önünə Müdafiə Nazirliyi adından əklil qoyulub.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirdən öncə generalın həyat və döyüş yoluna həsr olunmuş fotosərgiyə baxış olub.
Tədbiri giriş sözü ilə açan yubiley tədbirinin layihə müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani görkəmli hərbi xadimin keçdiyi keşməkeşli həyat yolundan və hərbi xidmət illərindən söz açıb. A.Ə.Abbasovun Zaqafqaziya hərbi hazırlıq məktəbinin ilk məzunlarından olduğunu, S.Mehmandarov, Ə.Şıxlinski kimi görkəmli sərkərdələrdən dərs aldığını, C.Naxçıvanski və Q.Vəzirovun komandanlığı altında orduda xidmət etdiyini,  sovet ordusunda azərbaycanlı gəncin güc və qüdrətini nümayiş etdirdiyini, diviziya komandiri vəzifəsinədək yüksəldiyini, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiyini və üç çağırış Azərbaycanın Ali Sovetinə deputat seçildiyini tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın tarixinə sonsuz hörmətlə yanaşaraq yadelli işğalçılar qarşısında boyun əyməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin, o cümlədən general-mayor Akim Abbasovun hünər və rəşadətini yüksək qiymətləndirib.
1992-ci ilin fevralında baş verən Xocalının faciəsinə dözməyən general fevralın 27-də əbədiyyətə qovuşub.
Tədbirdə çıxış edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, döyüşlərin ən çətin anında belə şəxsi heyətə xüsusi diqqət göstərən A.Ə.Abbasov tabeliyindəki hərbi qulluqçuları daim qələbəyə ruhlandırıb. Bu gün də, gələcəkdə də ata-babalarımızın, həmçinin 110 illiyini qeyd etdiyimiz general Akim Abbasovun qəhrəmanlıq nümunələri müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə hər birimiz üçün örnək olmalıdır.
Azərbaycan Mili Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın hərb tarixində, veteran hərəkatında, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, sülh uğrunda mübarizədə general-mayor A.Ə.Abbasovun müstəsna xidmətlərindən danışıb, qonaqlar və ailə üzvləri unudulmaz sərkərdə haqqında xatirələrini söyləyiblər.
General-mayor Akim Abbasovun timsalında qəhrəman oğullarımızın həyat yolunu, döyüş yolunu, vətənpərvərlik hissini özünə örnək bilən hər bir gəncin Vətənimizi layiqincə qoruyacağı əminliklə vurğulanıb.
Sonda görkəmli sərkərdənin oğlu Asim Abbasov atasının gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dərk edərək bu prosesdə daima  yaxından iştirak etdiyini qeyd edib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına generalın ailə üzvləri adından minnətdarlığını bildirib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley gecəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi general-mayor Akim Abbasovun sevdiyi musiqi və vətənpərvərlik mahnılarından ibarət proqramla çıxış edib.