General Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 noyabr 2014-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər silsiləsi davam edir.
Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və C.Naxçıvanski adına hərbi liseydə mövzu üzrə viktorinalar keçirilib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində
Mərkəzdə "Əlağa Şıxlinski haqqında nə bilirik" mövzusunda viktorina keçirilib. Viktorinaya zabit ixtisas taborunu dinləyici leytenentları cəlb olunublar. Viktorina 3 tur üzrə "aslanlar", "tankçılar", "şahinlər" və "topçular" komandaları arasında təşkil olunub.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsindən sonra açıq elan olunub.
Viktorinada qaliblərin fərqlənməsi və seçilməsi məqsədilə polkovnik Nazim Əhmədov, kinorejissor Ziya Şıxlinski, Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi, Bakı Dövlət Universitetinin dosenti tarix üzrə fəlsəfə doktoru Nuru Məmmədov, polkovnik-leytenant Əbülfət Xəlilov və mayor Emin Əlizamanovdan ibarət münsiflər heyəti təyin olunub.
Viktorinanın aparıcısı yarışın şərtlərini iştirakçıların diqqətinə çatdırıb. Keçirilən yarışda mövzu üzrə biliklərini nümayiş etdirən "topçular" birinci, "şahinlər" ikinci, "aslanlar" isə üçüncü yerə layiq görülərək mükafatlandırılıblar.
Tədbir general Əlağa Şıxlinski haqqında çəkilmiş "Artilleryanın allahı sayılırdı" filminin nümayişi ilə başa çatıb.
C.Naxçıvanski adına hərbi liseydə
Hərbi liseydə də general Əlağa Şıxlinskinin 150 illik yubileyinə həsr edilmiş viktorina keçirilib.
Hərbi liseyin kurslarının ən güclü tağımları viktorinada öz biliklərini sınayıblar.
Viktorinanın nəticələrinə görə 2-ci kurs birinci yerə, 1-ci kurs ikinci yerə, 3-cü kurs isə üçüncü yerə layiq görülüb.
Hərbi lisey rəisi general-mayor Mirzə Almasov qalibləri və viktorinanın fəallarını fəxri fərmanla tətlif edərək onlara müvəffəqiyyətlər arzulayıb.