Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.
Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq sentyabrın 16-da Gəncə Qarnizonunda hərbi hospitalın yeni inşa edilmiş infeksion xəstəliklər şöbəsinin açılışı olub.
Tədbirdə iştirak edən general-mayor Xəqani Cəbrayılov və Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini polkovnik Elxan İbrahimov istifadəyə verilən şöbədə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.
Açılış mərasimində çıxış edən polkovnik E.İbrahimov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi hərbi tibb sahəsində də əldə olunmuş uğurlardan danışıb, Müdafiə nazirinin təbriklərini və tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqları tədbir iştirakçılarına çatdırıb.