Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2019 10:00

Gəncə və Şəmkirdə Qələbə gününə həsr olunmuş tədbirlər keçirilib

Faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı Müdafiə Nazirliyinin tədbirlər planına əsasən Gəncə və Şəmkir şəhərlərində də 9 may - Qələbə gününə həsr olunmuş tədbirlər keçirilib.
Gəncə şəhərində ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı ziyarət olunduqdan sonra bayram tədbirləri Heydər Əliyev Park Kompleksində davam etdirilib. Müharibə veteranlarının, hərbi qulluqçuların, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib, Gəncə Qarnizonu İdeoloji İş və Mədəniyyət Mərkəzinin əsgərə məktub layihəsi çərçivəsində Azərbaycan əsgərinə məktublar ünvanlanıb, “Hər şey Azərbaycan əsgəri üçün” sərgisinə baxış olub.
Azərbaycan milli diviziyalarının döyüş bayraqları sərgisində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixindən və şanlı döyüş yolundan danışıb.
Qeyd olunub ki, məhz Berlinə ilk daxil olan 416-cı Azərbaycan Taqanroq milli atıcı diviziyasıdır. Bunu dünyanın bir çox ölkələrinin arxivlərində, muzeylərində saxlanılan foto və sənədlər də bir daha təsdiq edir.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Nizami Bayramov iştirakçıları Qələbə bayramı münasibətilə təbrik edib, Azərbaycan əsgərinin də tezliklə Qarabağdan xoş müjdələr gətirərək xalqımıza qələbə sevinci bəxş edəcəyinə əminliyini bildirib. Gəncə ictimaiyyəti adından N nömrəli hərbi hissəyə hədiyyə təqdim olunub.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Məmmədov, Böyük Vətən Müharibəsi veteranı Tofiq Babayev, Gəncə hərbi prokuroru polkovnik Əmrah Mehdiyev, polkovnik Rasim Manafov və başqaları çıxış edərək Azərbaycan əsgərinin ata və babalarımızın qəhrəmanlıq nümunələrini təkrarlamağa hər an hazır olduqlarını bildiriblər.
Sonra bütün iştirakçılar səhra əsgər mətbəxində hazırlanan əsgər yeməklərindən ibarət süfrə ətrafında nahar ediblər.
Şəmkir şəhərində keçirilən tədbirdən öncə İkinci Dünya Müharibəsi qəhrəmanlarının və qurbanlarının xatirəsinə ucaldılmış “Əbədi Məşəl” abidəsi ziyarət olunub və qarşısına gül dəstələri qoyulub. Şəhərin mərkəzindəki bağda təşkil olunan tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, general-mayor Xəqani Cəbrayılov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani müharibə veteranlarını və arxa cəbhə fədakar əməkçilərini, eləcə də Qarabağ müharibəsinin iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara ən səmimi arzularını bildiriblər.
Sonra hərbi orkestr və yaradıcı əsgərlərdən ibarət özfəaliyyət kollektivi tədbir iştirakçılarını hərbi mahnı və marşlarla salamlayıb.
Səhra əsgər mətbəxində hazırlanan yeməklərdən ibarət süfrə ətrafında əyləşən ictimaiyyət nümayəndələri, veteranlar, ziyalılar, gənclərin nümayəndələri, hərbi qulluqçular “Ataların yolu, oğulların yoludur” söhbətinə qoşulublar.